ABŞ-ın “Vaşinqton Post” qəzetində “Ukraynanı qarşıda mübarizə gözləyir: meyit torbaları və kibermüharibə” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Devid İqnatiusdur.
Novator.az saytının məlumatına görə, müəllif yazır ki, bugünlərdə Ukrayna paytaxtı Kiyevdə müdafiə məsələləri üzrə avropalı ekspert ona deyib ki, ruslar müharibədən evə göndərilən əsgər meyitini bəzən “200 nömrəli yük” adlandırırlar. Devid İqnatius qeyd edir ki, bu ifadə ötən əsrdə SSRİ-nin Əfqanıstanda apardığı müharibə dövründə yaranıb. O zaman Əfqanıstanda həlak olan sovet əsgərlərinin meyitlərinin tabutlarda geri göndərilməsi orduda bu kod altında xəbər verilirmiş.
Məqalədə qeyd olunur ki, Rusiya Ukrayna ilə müharibəyə başlasa, bu uzun sürən bir savaş olacaq və itkisiz, tabutlarsız ötüşməyəcək: “Döyüşlərin əvvəlində intensiv bombardmanlar ola bilər. Rusiyanın raketləri və təyyarələri Ukraynanın dərinliklərində hədəfləri vura bilər. Kiyev isə öz növbəsində daha çox sərhəddə rus əsgərləri öldürməyə çalışacaq, beləliklə, Rusiyanın ruhunu sarsıtmaq üçün ağrılı “200 nömrəli yük”lərin geri göndərilməsinə cəhd edəcək.
Bu hələ harasıdır? Vaşinqton və Kiyevin müdafiə rəsmiləri daha uzun və amansız döyüş proqnozlaşdırırlar. Müharibə rusiyapərəstlərin Ukraynada dövlət çevrilişinə cəhdləri, uğursuz atəşkəslər və sülh planları ilə də müşayiət oluna bilər. Bu isə Avropanın mərkəzində zorakılıq vulkanının püskürməsi deməkdir. Soyuq müharibə dövründə olduğu kimi Qərb birlik və səbir nümayiş etdirməklə, habelə prinsipial məsələlərdə güzəştə getməməklə yekunda qələbə qazana bilər”.
Devid İqnatius vurğulayır ki, Rusiya prezidenti Vladimir Putin bu münaqişəyə öz şərtlərini qəbul etdirməklə son verməyə çalışır: “O, soyuq müharibənin bitdiyi dövrün – 1989-cu ilin sülhünə deyil, İkinci Dünya müharibəsindən sonrakı dövrün – 1940-cı illərin sülhünə qayıtmağı təklif edir. Yəni Moskva öz təsir dairəsini qorumaq üçün bu dairə ilə Qərb arasında, vaxtilə Böyük Britaniyanın baş naziri Uinston Çörçillin dediyi kimi, “dəmir pərdə” salmaq istəyir”.
Məqalədə bildirilir ki, sözügedən münaqişə dünyada ilk irimiqyaslı kibermüharibəyə də yol aça bilər və bu savaşda ABŞ-ın, habelə onun NATO-dakı müttəfiqlərinin Ukraynanın razılığı əsasında ona yardımlar edəcəyi şübhəsizdir: “Ruslar Ukrayna hökumətini və xalqını çaşdırmaq üçün kiberhücumlar və dezinformasiya əməliyyatları həyata keçirə bilər. Təsadüfi deyil ki, NATO ekspertləri Ukrayna hakimiyyətini həyati əhəmiyyətli xidmətləri internet şəbəkəsindən ayırmaq, əhali ilə alternativ vasitələrlə əlaqə yaratmaq istiqamətində hazırlıqlara başlamağa çağırırlar”.
Müəllif yazır ki, Qərb geri çəkilməsə, müharibə Putinin məğlubiyyəti ilə bitəcək: “Putinin müşavirləri də onun tutduğu siyasi kursa ehtiyatla yanaşmalıdırlar. Yenidən Ukraynanı zor gücünə özünə birləşdirmək, köhnə Sovet İttifaqının əsas cəhətlərini silah gücünə canlandırmaq xülyasına düşmüş bir liderin başlatdığı bu proses rus xalqını da ayağa qaldıra bilər.
Ötən il Rusiyanın “Levada” müstəqil sorğu mərkəzinin Moskvada keçirdiyi sorğu Putinə ictimai dəstəyin kövrək olduğunu göstərib.
2021-ci ilin may ayında keçirilən sorğunun nəticələrinə görə, rusiyalıların 43%-i Putinin Ukraynanın şərqində separatçıları dəstəkləməsinə qarşıdır. Respondentlərin elə bir o qədəri də bu dəstəyin tərəfdarıdır. Yaşı 40-dan aşağı olan rusiyalıların əksəri Putinin siyasi kursunun əleyhinədir.
Ukraynada müharibənin Putinin reytinqinə təsiri ilə bağlı sorğuda savaş ehtimalından narazılıq ifadə edənlərin sayı iki dəfə çox olub. Sorğuya qatılanların yalnız bir qismi müharibənin Putinin nüfuzunu möhkəmləndirəcəyinə inandığını bildirib. Sorğudan bəlli olur ki, rusiyalı gənclər Ukrayna ilə müharibənin Putinə daha çox problem yaradacağı qənaətindədirlər.
Rusiya gəncləri mobil telefon, sosial şəbəkələr vasitəsilə Qərb dünyasına asanlıqla səyahət edə bilirlər. Ona görə ABŞ prezidenti Baydenin Rusiyaya qarşı bəyan etdiyi sərt iqtisadi sanksiyalar onlara ciddi təhlükə yaradır. Rusiya kompüter çipləri istehsal etmir, onun texnoloji bazası yoxdur. Üstəlik, bu ölkənin maliyyə sistemi Qərb banklarından asılıdır. Rus oliqarxlar xaricdə, Londonda (Böyük Britaniya), Riverada (Fransa) dincəlirlər. Putin bəlkə də iqtisadi məhdudiyyətlərlə bacara bilər, ancaq o, bu halda siyasi və sosial vəziyyətə nəzarət edə bilməz. Rusiya küncə sıxılsa, Putin də legitimliyini itirmək riski ilə üz-üzə qala bilər”.
Bəs münaqişənin potensial risk yaratdığını bilə-bilə Putin niyə Ukraynanı Moskvanın nəzarəti altına qaytarmaq istəyir? Devid İqnatius suala cavab axtararkən Putinin otən ilin yayında ukraynalılarla rusların bir xalq oduğu barədə dediklərini yada salır: “Bu doğrudan da belədirsə, deməli, avropalaşmış, demokratikləşmiş Ukrayna Pitinin qurduğu avtoritar Rusiyanı sıradan çıxara bilər. Azad Ukrayna Rusiyanı özünə tabe etdirə bilməsə də, onu Qərbə doğru sürükləyə bilər. Ona görə də Putin Ukraynanı nəzarət altına götürməyi vacib sayır”.
Müəllif bugünlərdə Kiyevdə Ukrayna xarici işlər nazirinin müavini Əminə Cabbarla söhbətindən də bəs edir: “Əminə Cabbar mənə dedi ki, burada, Avropanın mərkəzində əsl müharibə təhlükəsi mövcuddur və biz buna mütləq cavab verməliyik”.
Əminə Cabbar Devid İqnatiusa onu da deyib ki, Qərb sarsılmaz birlik nümayiş etdirsə, Putin bölgədə hökmranlığını itirəcək – vaxtilə sovet liderləri soyuq müharibəni uduzduqları kimi.
Mənbə: Washingtonpost.com