Hüquqşünas Ələsgər Məmmədli özünün “Facebook” səhifəsində səhiyyə sisteminin işindən yazıb. O qeyd edir ki, ötən şənbə, yanvarın 29-u axşam yoldaşının temperaturu qalxıb: “Koronavirusa yoluxmasından şübhələnib ertəsi gün tezdən Səhiyyə Nazirliyinin qaynar xəttinə – 814-ə zəng elədim. Bir müddət telefonda musiqi dinlədikdən sonra əlimi üzdüm.
Sahə həkiminə, paytaxtdakı 39 saylı poliklinikaya zəng etdim, test götürülməsi üçün nümayəndə göndərilməsini istədim. Bazar günü işləmədiklərini bildirib qaynar xətti nişan verdilər.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin qaynar xəttinə – 1542-yə zəng vurdum. Xeyli gözlədikdən sonra operator dedi ki, Bakı şəhərinə Səhiyyə Nazirliyi baxır, onlar həftəsonu işləmir, bazar ertəsi 814-lə əlaqə saxlayın.
Axşamüstü aptekə gedib koronavirus testi aldım. Cəmi 3 dəqiqədə müəyyən olundu ki, yoldaşım koronavirusa yoluxub.
1542-yə və 814-ə zəng vurub vəziyyəti izah etdim. Hər ikisinin cavabı “Bazar günü işləmirik” oldu.
Yenə sahə həkimi ilə əlaqə saxladım, aptekdən alınan testin nəticəsini, yoldaşımın işlədiyi məktəbin ünvanını, ev ünvanını və başqa zəruri bilgiləri göndərdim. Xahiş etdim gəlib test götürsünlər. Dedilər Səhiyyə Nazirliyinə məlumat verəcəyik, müraciət edənlər çoxdur, bəlkə iki günə gələrlər.
Bazar ertəsi yenə 814-ə zəng etdim. 40 dəqiqə musiqi dinlədikdən sonra operator “Bu gün çox məşğuluq, saat 15-ə qədər işləyirik, poliklinikaya müraciət edin” deyib dəstəyi asdı.
Təkrar poliklinika ilə əlaqə saxladım, dedilər yazıb göndərmişik, xəstə çoxdur.
Çərşənbə axşamı da belə zənglər, ötür-ötür… Çərşənbəyə söz verdilər. Bütün günü gözləyib, arada bir neçə dəfə 814-ə zəng edib musiqi terapiyası keçdik”.
Fevralın 3-də Novator.az-a danışan Ələsgər Məmmədli deyib ki, yalnız “Facebook”dakı qeydlərindən sonra test götürülməsi üçün evlərinə gəliblər: “Xəstəliyi bax belə səhiyyə sistemi sürətlə yayır. Sanki qəsdən…”
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Son rəsmi hesabata görə, ölkədə ümumilikdə 670313 nəfər koronavirusa yoluxub, onların 8779-u vəfat edib. Aktiv xəstə sayı 30807 nəfər göstərilir.