Böyük Britaniyada Azərbaycan parlamentinin deputatı, əczaçılıq məhsullarının idxalı ilə məşğul olan “Avromed” şirkətinin qurucusu Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus pul vəsaiti ilə bağlı araşdırma davam edir.
1963-cü il təvəllüdlü Cavanşir Feyziyev 2010, 2015 və 2020-ci illərin parlament seçkilərində 115 saylı Şəki kənd ikinci seçki dairəsindən mandat alıb.
2021-ci il noyabrın 2-də yayılan məlumatda qeyd olunmuşdu ki, Böyük Britaniyanın bank hesablarında Cavanşir Feyziyevin ailə üzlərinin 15,3 milyon funt sterlinq vəsaiti aşkarlanıb, ölkənin Milli Cinayət Agentliyi həmin vəsaitin Böyük Britaniyaya qanunsuz yolla gətirildiyini iddia edib.
2022-ci il yanvarın 31-də araşdırmanın məhkəmə fazası ilə bağlı fərqli xəbərlər yayılıb. Müstəqil mənbələr bildirib ki, həmin gün Böyük Britaniya paytaxtı Londonda ilkin məhkəmə 15,3 milyon funt sterlinqin 5,6 milyonunun müsadirəsinə qərar verib. Vəsait Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevaya, oğlu Orxan Cavanşirə və qardaşı oğlu Elman Cavanşirə məxsusdur. Məlumata görə, araşdırma zamanı Cavanşir Feyziyevin ailə üzvlərinin adına olan hesabların dondurulması haqqında altı sərəncam verilib, vəsaitlərin saxta şirkətlər vasitəsilə yuyulduğu üzə çıxıb.
AZƏRTAC-ın London müxbiri məhkəmənin 31 yanvar qərarını fərqli təqdim edib. Xəbərə görə, hesablarda olan vəsaitin böyük hissəsinin qanuni fəaliyyət nəticəsində qazanıldığı və qanuni şəkildə Böyük Britaniyaya köçürüldüyü London məhkəməsində heç bir şübhə doğurmayıb və həmin vəsaitlərin öz sahiblərinə qaytarılması üçün bank hesablarının dərhal açılması barədə qərar qəbul edilib: “Qalan vəsaitin köçürülmə mexanizmində məhkəməyə tam aydın olmayan məqamlar olduğunu bildirən hakim izah edib ki, bu məqamlar bir neçə il əvvəl (2015-ci ildə – Novator.az) Azərbaycan Beynəlxalq Bankı ətrafında baş vermiş qalmaqalla bağlıdır. Böyük miqdarda pul vəsaitlərinin itkisi ilə üzləşmiş Beynəlxalq Bankın fəaliyyətində şəffaflığın olmaması həmin bank vasitəsilə köçürülmüş bütün vəsaitlərin sual altına düşməsinə səbəb olub, lakin köçürmə prosesində baş vermiş mənfi halların Pərvanə Feyziyeva, Orxan Cavanşir və Elman Cavanşirlə bilavasitə bağlılığı yoxdur.
Cavabdehlərin sözçüsü Britaniya mətbuatına açıqlamasında bildirib ki, müdafiə tərəfində qalan vəsaitlərin də qanuni fəaliyyət nəticəsində qazanıldığını və köçürmə əməliyyatlarının qanuniliyini təsdiq edən təkzibolunmaz sənədlər var. Onların vəkili hələ də araşdırmaya ehtiyacı olan köçürmə əməliyyatlarının doğruluğunu sübut etmək üçün yüksək instansiya məhkəməsinə müraciət olunacağını deyib”.