AZƏRTAC prezident İlham Əliyevin Gəncə şəhərinə 30 yanvar səfərindən bilgilər yayıb.
Xəbərə görə, dövlət başçısı Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışında iştirak edib. Binada 478 yerlik böyük tamaşaçı zalı, 22 tamaşaçı yerlik lojalar və 120 yerlik kiçik tamaşaçı zalı var, həmçinin iki zaldan ibarət Gəncə Teatr Muzeyi, kitabxana, xoreoqrafiya zalı, qrim otaqları, mehmanxana, kafe və digər zəruri infrastruktur yaradılıb.
Prezident 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışına da qatılıb. Mərkəzdə vətəndaşlara 320-dən çox xidmət göstəriləcəyi bildirilir.
İlham Əliyev Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış olub. İkimərtəbəli sarayda böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq turnirlərin keçirilməsi üçün məkan, şahmat, güləş, boks və idmanın digər növləri üzrə məktəblər fəaliyyət göstərəcək.
Dövlət başçısının iştirakı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposu istismara verilib. Qeyd olunur ki, depoda dəyişən cərəyanla işləyən elektrovozların texniki xidməti və təmiri işləri həyata keçiriləcək.
İlham Əliyev Gəncə Memorial Kompleksinin təməlini qoyub.
2020-ci ilin Vətən müharibəsi dövründə Gəncə şəhəri beş dəfə Ermənistan silahlı qüvvələrinin ağır raket zərbələrinə məruz qalıb, 26 mülki şəxs həlak olub.
AZƏRTAC-a müsahibəsində İlham Əliyev deyib: “Bu, Gəncəyə prezident kimi 18-ci səfərimdir. Son illərdə Gəncənin əsas infrastruktur layihələrini icra etməyə çalışdıq və bu layihələrin böyük əksəriyyəti öz həllini tapdı. Elektrik enerjisi ilə təchizat tam öz həllini tapıb. Gəncədə 10 yarımstansiya həm yenidən tikilib, həm də əsaslı təmir edilib. Onların enerji istehsalı gücü 220 meqavatdır, şəhərin tələbatını tam ödəyir. Eyni zamanda şəhərin artan tələbatı, o cümlədən sənaye potensialı da nəzərə alınacaq.
Qazlaşdırma layihəsi tam icra edilib.
İçməli su layihəsi hələ ki, icra edilir. Əfsuslar olsun ki, bu layihə bir qədər uzandı. Düzdür, çox genişmiqyaslı, həm də maliyyə tutumlu layihədir, təqribən 800 milyon manat dəyərində olan bir layihədir. Bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Mənə verilən son məlumata görə, hazırda bu layihənin icrası 42 faiz səviyyəsindədir. Əlavə tapşırıqlar veriləcək ki, layihənin icrası sürətləndirilsin, Gəncə şəhərinin bu problemi də öz həllini tapsın.
Gəncəyə gedən yollar tam müasirləşdirilib. Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. İndi biz bu yolu iki zolaqdan dörd zolağa genişləndiririk. Eyni zamanda Gəncədən digər şəhərlərə – Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılıb.
Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib. Bu, Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. İndi xəttə sürətli qatarlar da buraxılıb.
Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl mənim təşəbbüsümlə yenidən qurulub.
Həm səhiyyə, həm təhsil sahəsində bütün sosial infrastruktur yenilənib. Gəncədə 245 çarpayılıq şəhər xəstəxanası demək olar ki, yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb.
Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Bu problemin böyük hissəsi öz həllini tapıb. Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib. Mən hər ikisinin açılışında iştirak etmişəm və tədris korpusu yenidən qurulub.
Gəncənin mədəni həyatı da çox zəngindir. Həm Dövlət Filarmoniyasının yeni binası tikilib, həm də Dram Teatrının. Yəni Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün bu işlər düzgün müəyyən edilmiş siyasətin nəticəsidir”.