AXCP sədri Əli Kərimli sosial məsələlərə diqqət çəkib. Novator.az-ın məlumatına görə, siyasətçi yazır ki, son il yarımda Azərbaycan neftinin qiyməti 6 dəfə artıb, ancaq həmin müddətdə ölkədə 211 min nəfərin pensiyası ləğv olunub: “Neft 6 dəfə bahalaşıb, ancaq rəsmi statistikaya əsasən, 2021-ci ildə inflyasiya əməkhaqqı artımını 3 dəfə, qeyri-rəsmi hesablamalarla 6-7 dəfə üstələyib, nəticədə camaat xeyli kasıblayıb.
Neftin 6 dəfə bahalaşması ölkəyə milyardlarla dollar əlavə gəlir gətirib. Qiymətlərin fantastik artımı isə əhalinin xərclərini milyardlarla manat artırıb. Ancaq müharibə veteranlarının müavinətləri, məcburi köçkünlərə yardımlar, müəllimlərin, həkimlərin və büdcədən maaş alan digərlərinin maaşları artırılmayıb. Özəl sektorda işləyənlər, fərdi çalışanlar bahalaşmanın əziyyətini tək çəkib, dövlət onları fikirləşməyib.
Satdığımız neftin qiyməti 6 dəfə artandan sonra da hökumət uşaq pulu vermək barədə düşünmür.
Neftin qiymətinin 6 dəfə artması əlavə milyardlar qazandırır, ancaq hökumət rəsmi işi olmayan 3 milyon nəfərdən çox əmək qabiliyyətli şəxsin bu bahalaşma şəraitində necə yaşaması ilə maraqlanmır. Çoxlu yeni iş yeri açmaq haqda düşünmür. İşsizləri buraxıb taleyin ümidinə.
Bu qədər qiymət artımından sonra bəzi qrupların maaşının, pensiyaların, bəzi müavinətlərin azacıq artırılması da neft pulları hesabına yox, xalqdan daha çox vergi toplamaq hesabına maliyyələşəcək.
Beləliklə, neftin qiymətinin 6 dəfə artmasından bir ovuc korrupsionerdən başqa heç kim fayda görmür.
Hakimiyyət bizimlə ona görə belə rəftar edə bilir ki, haqqımızı hamılıqla tələb etmirik. Hamılıqla hakimiyyətə sual ünvanlamırıq: neft pulları hara gedir, niyə neft pullarından xeyir görmürük?”