Parlamentin 1 fevral iclasında “Dini etiqad azadlığı haqqında” qanunda yeniliklər layihəsi ilk oxunuşda müzakirəyə çıxarılacaq. Novator.az bildirir ki, qanunun dörd maddəsinə dəyişiklik və əlavələr təklif olunur.
8-ci maddədə (Dini icma) yeniliyə görə, Azərbaycan Respublikasında dini məsələlərdə islam dini icmaları Qafqaz Müsəlmanları İdarəsinə tabedirlər.
İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin olunur və hər beş ildən bir attestasiya edilir. Attestasiya Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə keçirilir.
9-1-ci maddədə (Dini qurumun adı və fəaliyyət ərazisi) yeniliyə əsasən, dini qurumun hüquqi ünvanı dəyişdikdə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana 10 gün müddətində məlumat verir.
12-ci maddədə (Dini qurumların dövlət qeydiyyatına alınması) dəyişikliyə görə, dini qurumlar dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təsis protokolu, nizamnaməsi, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər sənədlər əlavə olunmuş ərizə ilə müraciət edir. Dini icmaların təqdim etdiyi ərizəyə onu təsis etmiş azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar əlavə edilir.
18-ci maddəyə (Dini qurumların mülkiyyəti) edilən əlavəyə görə, ianə olunmuş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqan müəyyən edir. Dini qurumların ianələri yalnız ənənəvi üsullarla deyil, bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edilə bilər.