Əli Kərimli
AXCP sədri
Rusların deyimi var: döyüşə-döyüşə kəşfiyyat. Mənası budur ki, düşmənin bəzi sirlərini yalnız kiçikmiqyaslı döyüşə girməklə dəqiq öyrənmək olar.
Ötən ilin yazında və payızında Rusiya Ukraynanı 100 minlik ordu ilə təhdid etməyə başlayanda müəyyən etməmişdi ki, müdaxilə qərarı olacaq, yoxsa yox. Belə düşünürdü ki, istədiyini əldə etmək üçün böyük savaşdan, Ukraynaya irimiqyaslı müdaxilədən də çəkinməyəcəyini nümayiş etdirməlidir. Düşünürdü ki, yalnız belə bir ciddi təhdiddən, savaş təhlükəsini real etdikdən sonra dəqiq bilər Qərb böyük qarşıdurmaya nə qədər hazırdır, Ukrayna xalqı nə qədər cəsarət və qətiyyətlə vuruşmağa hazır olacaq, Ukraynaya hansı xarici dəstək veriləcək, bu, hansı miqyasda olacaq, Rusiyanın Ukraynaya olası müdaxiləsinə beynəlxalq aləmin reaksiyası necə olacaq və Ukraynaya müdaxilə Rusiyaya neçəyə başa gələcək.
İndi bu sualların cavabını nəinki Rusiya, hətta bütün dünya bilir.
Kollektiv Qərb Rusiyanın ultimatumlarından qorxmadı. Real savaş təhlükəsi qarşısında parçalanmadı, əksinə, birləşdi. NATO genişlənməkdə davam edəcək. Üstəlik, NATO Şərqi Avropada və Baltik respublikalarında hərbi iştirakını gücləndirəcək. İlkin olaraq 5 min nəfərlik, müdaxilə başlansa, 50 min nəfərlik NATO hərbi kontingenti bu ölkələrdə – Rusiyanın sərhədlərində yerləşəcək. Bu nəticə Rusiyanın hərbi ritorika ilə əldə etmək istədiyi nəticənin tam əksidir.
NATO Ukrayna üçün vuruşmayacaq (belə də gözlənirdi). Ancaq ABŞ, Böyük Britaniya başda olmaqla azı 7-8 dövlət Ukraynaya müasir silahlar verəcək, hərbi təlimatçılar Ukrayna ordusuna kömək edəcək. NATO Ukraynanı dəqiq kəşfiyyat məlumatları ilə təmin edəcək. Bütün bunlar Ukraynanın müqavimət imkanlarını ciddi artıracaq.
ABŞ-ın, Böyük Britaniyanın, Türkiyənin, Baltik respublikalarının Ukraynaya verdiyi müasir silahlar, Avropa İttifaqının hələ savaş başlamamış Ukraynaya ayırdığı 1,2 milyard avroluq yardım Ukrayna ordusunu xeyli gücləndirib. Xüsusilə də Rusiya tankları və zirehli texnikası, hətta bütövlükdə quru qüvvələri artıq Ukrayna üçün vahimə yaradan, qarşısıalınmaz qüvvə deyil.
İndi Rusiyanın əsas hərbi üstünlüyü Hərbi Hava Qüvvələrində, donanmada və raket sistemlərindədir. Çoxsaylı müharibə təcrübələri göstərir ki, havadakı üstünlük ən qiymətli hərbi üstünlük olsa da, tam və qəti qələbə üçün yetərli deyil.
Rusiya informasiya savaşını da uduzub. Beynəlxalq ictimai rəy gərginliyi, savaş təhlükəsini məhz Rusiyanın yaratdığını düşünür. Olası müharibəyə görə mənəvi-siyasi məsuliyyət Rusiyanın üzərində qalacaq, savaş Rusiyanın beynəlxalq aləmdən təcridini gücləndirəcək.
Ukrayna xalqının və ordusunun döyüş əzmi yüksək görünür. Aldıqları beynəlxalq dəstək, xüsusilə də müasir silahlar onları daha da cəsarətləndirib. Ona görə də Ukrayna ordusunun olası müdaxiləyə ciddi müqavimət göstərəcəyini hesablamaq çətin deyil.
Artıq o da məlumdur ki, Ukraynaya olası müdaxilə Rusiyaya sözün birbaşa mənasında çox baha başa gələcək. Rusiyaya qarşı çox ağır iqtisadi sanksiyalar qoyulacaq. Bu sanksiyalar Rusiya iqtisadiyyatına 100 milyardlarla dollar, hətta işğal uzansa, trilyonlarla dollar zərər vuracaq. Üstəlik, müharibə xərcləri və Qərblə silah yarışına girmək Rusiyanın onsuz da zəif olan iqtisadiyyatını çökdürəcək. Hələ savaş başlamadan Rusiya fond bazarının çökməsi, rublun sürətlə ucuzlaşması Rusiya iqtisadiyyatını gözləyən böyük böhranın ayaq səsləridir.
Rusiyanın Ukraynaya müdaxiləsi keçmiş sovet respublikalarını qorxudacaq, narahat edəcək, bu dövlətlərin Rusiyadan daha da aralanmaq arzusunu artıracaq. Bu da Rusiyanın arzuladığı nəticənin tam əksidir. Rusiya rəhbərliyini bu müdaxiləyə həvəsləndirən “ideoloqların” əsas məqsədi təkcə Ukraynanı işğal etmək yox, həm də hansısa formada Rusiya imperiyasını bərpa etməkdir. İndi artıq aydın görünür ki, tam əksinə, olası müdaxilə keçmiş SSRİ coğrafiyasında Moskvadan uzaqlaşmaq və Qərbə inteqrasiya olunmaq istəyini artıracaq.
Rusiya rəhbərliyinin qərarına ən çox təsir edəcək daha bir nəticə də ondan ibarətdir ki, Ukraynaya olası müdaxilə rus xalqında Krimın işğalı zamanı olduğu eyforiyanı yaratmır. Tam əksinə, hakimiyyət mediasının bütün cəhdlərinə baxmayaraq Rusiya əhalisi bu savaşa can atmır, həvəsli deyil. Savaşın labüd ağır sosial-iqtisadi nəticələri və hərbi itkilər isə Rusiyada savaş əleyhdarlarını çox artıracaq, hakimiyyətin davamlılığına risklər çoxalacaq.
Beləliklə, Rusiya real savaş təhlükəsi yaratmaqla olduqca qiymətli kəşfiyyat məlumatları əldə etdi. Məntiq deyir ki, bütün bu labüd nəticələr bilindikdən sonra Rusiya rəhbərliyi savaş ssenarisindən imtina etməlidir…