Azərbaycanda 2020-ci ilin yanvarından tətbiq olunan icbari tibbi sığorta 2021-ci ilin aprelindən bütün ölkəni əhatə edir. 2022-ci il yanvarın 1-dən icbari tibbi sığorta haqları qismən yenilənib. Novator.az bildirir ki, işəgötürən və işçilər aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər hissəsindən 2 faiz, 8000 manatdan yuxarı hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı verir.
Mülki hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək hissəsinin 2 faizi, 8000 manatdan yuxarı hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı var.
Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər) üzrə minimum aylıq əməkhaqqının (hazırda 300 manatdır) 4 faizi miqdarında icbari tibbi sığorta haqqı qüvvədədir. Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların müvəqqəti dayandırıldığı hallar istisnadır.