“Çağdaş dünyada demokratiyalarla avtokratiyalar arasında əsl yarış gedir”. Novator.az-ın məlumatına görə, bunu ABŞ prezidenti Cozef Bayden üzvü olduğu Demokratlar Partiyasının Milli Komitəsinin tədbirində çıxış edərkən deyib.
O bildirib ki, Rusiya prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının sədri Si Cinpin və bəzi digər ölkələrin liderləri demokratiyanın XXI əsrə o qədər də uyğun gəlmədiyini düşünürlər: “Onlar buna həqiqətən inanırlar. Onların fikrincə, XXI əsrdə hər şey çox sürətlə dəyişdiyindən konsensus əldə etməyə vaxt qalmır, avtokratiyalar isə konsensus axtarmadığına görə məsələləri demokratiyalardan tez həll edə bilir”.
Amma Bayden vurğulayıb ki, ABŞ yeganə yolun demokratıya olduğunu nümayiş etdirir: “Mən hər bir dünya liderinə deyirəm ki, Amerika xalqına qarşı getmək heç vaxt xeyir gətirməyib və gətirməyəcək”.
1942-ci il təvəllüdlü Cozef Bayden 2020-ci il noyabrın 3-də keçirilmiş seçkidə ABŞ-ın prezidenti seçilib, 2021-ci il yanvarın 20-də and içərək səlahiyyətlərinin icrasına başlayıb.
1789-cu ildən başlayaraq ABŞ-da 46 nəfər prezident postunu tutub. Tarixi ənənəyə, 1951-ci ildən bəri isə həm də konstitusiya normasına görə, ABŞ-da eyni şəxs maksimum iki dəfə prezident olur. Yalnız Franklin Ruzvelt dövlət başçısı postuna iki dəfədən artıq (1932, 1936, 1940, 1944-cü illərdə) seçilib.
1952-ci il təvəllüdlü Vladimir Putin 1999-cu il dekabrın 31-dən baş nazir kimi prezident vəzifəsini icra edib, 2000-ci ildə isə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb. 2008-ci ilin may ayından Rusiyanın baş naziri olub.
2012-ci ildə Rusiyada konstitusiya dəyişib, prezidentin səlahiyyət müddəti 4 ildən 6 ilə qaldırılıb. Həmin il və 2018-ci ildə Putin prezident seçilib.
2020-ci ildə ölkədə konstitusiya yenə dəyişib. Həmin dəyişikliyə görə, heç kim iki dəfədən artıq prezident seçilə bilməz. Ancaq bu norma yenilik qüvvəyə minəndən (2020-ci il iyulun 4-dən) sonra prezident seçiləcək şəxslərə şamil olunub. Beləliklə, Vladimir Putinin növbəti iki prezident seçkisinə (2024 və 2030-cu illərin seçkilərinə) qatılmaq, 2036-cı ilə qədər postda qalmaq hüququ var.
1953-cü il təvəllüdlü Si Cinpin 2012-ci ilin noyabrından Çin Kommunist Partiyasının baş katibi, Kommunist Partiyası Mərkəzi Komitəsi Hərbi Şurasının sədri, 2013-cü ilin martından Çin Xalq Respublikasının sədri – dövlət başçısı və Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının sədridir.
Si Cinpin Çinə rəhbərlik etməyə başlayanda konstitusiya eyni şəxsin iki müddətdən (hər biri 5 il olmaqla) artıq dövlət başçısı seçilməsini yasaq edirdi. 2018-ci ilin martında bu yasaq götürülüb.