Nazirlər Kabinetinin 30 yanvar 2021-ci il qərarı ilə Vətən müharibəsi iştirakçılarına müharibə veteranı adının verilməsi işinin təşkili üzrə komissiya yaradılıb. Baş nazirin birinci müavininin sədrlik etdiyi komissiyada Nazirlər Kabineti Aparatının təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri, müdafiə nazirinin müavini, daxili işlər nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, ədliyyə nazirinin müavini, maliyyə nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, səhiyyə nazirinin müavini, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Xarici Kəşfiyyat Xidməti rəisinin müavini, Prezidentin Təhlükəsizlik Xidməti rəisinin müavini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini təmsil olunur.
Komissiyaya Vətən müharibəsi iştirakçılarının siyahısını müəyyən etmək tapşırılıb. Siyahı hələ açıqlanmayıb.
Novator.az-ın məlumatına görə, London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu müharibə veteranlarına ayda 80 manat prezident təqaüdü verildiyini xatırladaraq yazır: “Müharibə veteranı adı 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək döyüş əməliyyatlarında iştirak etmiş şəxsləri əhatə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, həmin şəxslərə prezident təqaüdü 1 yanvar 2022-ci ildən təyin olunacaq. Niyə? Axı müharibə 10 noyabr 2020-ci ildə başa çatıb, bəs arada qalan 14 ay nədən ödənmir?
Sadə hesablama aparıb fərz edək ki, Vətən müharibəsi iştirakçılarının sayı 50 min nəfər olub. Belə olan halda müharibə iştirakçılarının ödənişlərini 14 ay gecikdirmək 56 milyon manat qənaət və hər bir Vətən müharibəsi iştirakçısından 1120 manat kəsilməsi deməkdir. Niyə bu qədər sərvəti və gəliri olan, büdcəsinin böyüklüyü ilə öyünən hakimiyyət torpaqların azadlığı uğrunda döyüşən müharibə iştirakçısından kəsib qənaət etməlidir? Hansı əsasla və hansı vicdanla? Vətən müharibəsi iştirakçılarının əvvəlki 14 aylıq təqaüdləri, hər nəfərə 1120 manat birdəfəlik ödənməlidir”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Vətən müharibəsində 2908 nəfər hərbi qulluqçu şəhid olub, 6 hərbi qulluqçu itkin düşüb.