ABŞ-ın NATO-da elçisi (2005-2006-cı illər), ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi (2018-2019) vəzifələrində çalışmış Con Bolton “Vaşinqton Post” qəzetində “Hətta Putin bütün Ukraynanı zəbt etməsə də, geniş strategiyaya sahibdir. ABŞ-a da daha geniş strategiya lazımdır” başlıqlı məqalə ilə çıxış edib.
Novator.az-ın məlumatına görə, Rusiyanın 2008-ci ildə Gürcüstan, 2014-cü ildə Ukrayna ərazilərinə hərbi müdaxilə etdiyini, keçmiş sovet məkanında bir sıra “dondurulmuş münaqişələr”in həllinə imkan vermədiyini, neçə aydır yenidən şərq sərhədlərinə qoşun yığıb indi də ukraynalıları Kiyevədək irəliləyəcəyi ilə hədələdyini yazan Con Bolton bildirir ki, bütün bunlara cavab olaraq ABŞ və NATO strategiyasını dəyişməli, yeni, daha geniş startegiya qurmalıdır.
Müəllif yazır: “ABŞ və NATO təcili surətdə alyansın şərq sərhədləri ilə Rusiyanın qərb sərhədləri arasında sıxışdırılmış ölkələr üzrə strategiya hazırlamalıdır. NATO həmin ölkələrdə hansı maraqları olduğunu və onları necə qoruyacağını müəyyənləşdirməlidir.
Eyni zamanda, NATO Rusiyanı Ukrayna əleyhinə aqressiv hərəkətlərdən çəkindirməyin, bu ölkəni tam işğal altına almaq niyyətinə son qoymağın daha təsirli üsullarını tapmalıdır.
Hazırda NATO-nun bütün cavab tədbirləri rus qoşunları Ukrayna torpağına soxulandan sonrakı dövr üçün nəzərdə tutulub. Belə görünür ki, bu tədbirlər yetərincə effekt verməyib. Alyansın buna bənzər əvvəlki tədbirləri də Rusiyanı işğaldan çəkindirə bilməmişdi.
Ona görə də ABŞ və müttəfiqləri elə etməlidir ki, Rusiya qoşunları Ukraynada hərbi əməliyyatlara başlamamış prezident Vladimir Putin hesabını götürə bilsin, zərərini əvvəldən görsün.
Almaniyaya və Avropa İttifaqına ciddi təzyiq etmək lazımdır ki, onlar “Şimal axını-2” qaz kəməri ilə bağlı Putinin qarşısında şərt qoysunlar. Şərt belə olmalıdır ki, Putin rus ordusunu öz torpağında görmək istəməyən dövlətlərin ərazisindən çıxmayınca “Şimal axını-2” layihəsi işə düşməyəcək.
ABŞ və NATO Ukraynaya (ola bilsin, Gürcüstana və digər ölkələrə də) hərbi yardımını artırmalıdır. Ukrayna ərazisində hərbi əməliyyatlar aparmaq üçün yox, ukraynalı hərbçiləri öyrətmək, onlarla birgə təlimlər keçirmək üçün ora xeyli əlavə qüvvə yerləşdirilməlidir. Qoy rus generallar durbinlə baxanda Ukraynada Amerika bayraqlarını görsünlər və bunun nə demək olduğu üzərində baş sındırsınlar.
Əgər biz yenə Kiyevi yarı yolda buraxsaq və bununla NATO-nun Ukrayna yaxınlığındakı üzvlərini təhlükə altına atsaq, onda Putin alyansa mane olmaq, onun kollektiv müdafiə prinsiplərini daha güclü sarsıtmaq üçün yol xəritəsini bir az da təkmilləşdirəcək. Putin özünü taktikalar ustası kimi göstərib, onda olan strategiya Qərbdə yoxdur. Hələ də meydan sulayan, komanda verən odur. Bu vəziyyəti dəyişmək lazımdır”.
Mənbə: Washingtonpost.com