Əli Kərimli
AXCP sədri
Qazaxıstandakı sosial partlayışın, etirazların nə ilə bitəcəyi bir çox faktordan asılıdır. Nəticəyə ciddi təsir edəcək daxili və xarici amillər var. Onları sadalamaq fikrində deyiləm. Ən önəmli faktor xalqın bu etirazlarda iştirak dərəcəsi olacaq. Etiraz aksiyalarında 10 minlərlə insanın iştirakı ilə 100 minlərin, milyonların iştirakı fərqli nəticələrə gətirəcək. Ancaq indidən aydındır ki, Qazaxıstan daha əvvəlki kimi olmayacaq.
Qazaxıstandakı etirazlar bir sıra həqiqətin altını cızdı.
Diktaturaların, avtoritar rejimlərin hamısına növbə çatacaq. Azadlığa və ədalətə can atmaq bütün xalqların – insanlığın fitrətindədir. Hansısa əzilən xalq bu gün azadlıq və ədaləti kütləvi şəkildə meydanlarda tələb etmirsə, sabah, o biri gün mütləq tələb edəcək. Bütün rejimlərin qapısı döyüləcək.
Əgər hakimiyyəti xalq seçməyibsə, idarəçilər oğru və korrupsionerdirsə, xalqla hakimiyyət arasında uçurum yaranıbsa, ölkədə sosial partlayış və ya böyük xalq hərəkatı zaman məsələsidir. Sosial partlayışın nə zaman baş verəcəyini heç kim dəqiq proqnozlaşdıra bilmir.
Müxalifəti, vətəndaş cəmiyyətini əzmək, mətbuatı qapatmaq, interneti və mobil rabitəni kəsmək avtoritar rejimləri sığortalamır, xalq etirazlarından qoruya bilmir. Xalq başqa çarə qalmadığına əmin olanda hansısa siyasi qüvvənin təşəbbüsü və təşkilatçılığı olmadan da, internetsiz də meydanlara çıxır.
Avtoritar üsulla idarə olunan ölkədə real müxalifət varsa və az-çox təşkilatlanıbsa, həmin ölkədə xalq etirazları daha dinc xarakter daşıyır və rejim dəyişikliyi az itki ilə gerçəkləşir. Real müxalifətin sıradan çıxarıldığı ölkələrdə sosial partlayışlar daha çox zor və qanla müşayiət olunur və devrilən hakimiyyətə baha başa gəlir.
Avtoritar rejimlərin guya özünü qorumaq üçün yaratdığı saxta strukturlar – saxta müxalifət, hökumətə bağlı vətəndaş cəmiyyəti, saxtakar mətbuat adi vəziyyətlərdə, dinc dövrdə insanların fikrini az-çox çaşdırmağa nail olsa da, daha həlledici məqamlarda, sosial partlayış və xalq etirazları zamanı xidmət etdikləri rejimlərə heç bir fayda verə bilmirlər. Tam əksinə, belələrinin fəaliyyəti etirazçıların qəzəbini daha da artırır.
Polis, güc strukturları, repressiya aparatı avtoritar rejimləri müəyyən dövrə qədər qoruya bilir. Xalq meydanlara çıxanda heç bir güc strukturu onun qarşısını ala bilmir. Həqiqətən də xalqdan daha böyük və daha güclü qüvvə yoxdur, el gücü sel gücüdür. Kaş bunu hamımız vaxtında dərk edək.