Media qanunu: son oxunuş neçə maddəyə əl gəzdirir?
Dekabrın 30-da Milli Məclis “Media haqqında” qanun layihəsini üçüncü – son oxunuşda müzakirə edəcək. Qəbul edilib prezident imzası ilə dərc olunacağı halda qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Layihə dövlət başçısının 12 yanvar 2021-ci il fərmanı ilə hazırlanaraq dekabrın 10-da dərc edilib. Parlamentdə dekabrın 14-də ilk, dekabrın 20-də ikinci oxunuşdan keçmiş layihə bir çox media nümayəndəsi, vətəndaş cəmiyyəti təmsilçisi və siyasətçinin narazılığı ilə qarşılanıb. Onlar bildirir ki, layihə geniş ictimai müzakirədən keçirilmədən, beynəlxalq qurumların rəyləri alınmadan parlament müzakirəsinə çıxarılıb, sənədə konstitusiya və milli qanunvericiliyin, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə zidd olaraq söz, fikir və mətbuat azadlığının məhdudlaşdırılmasına yönələn maddələr daxil edilib.
Rəsmi məlumata görə, üçüncü oxunuş ərəfəsində ilkin layihəyə dəyişikliklər edilib. 13.3-cü maddənin yeniləndiyi, 26-cı maddədə siyasi partiyalar və dini qurumlarla bağlı normaların hüdudlarının müəyyən edildiyi və yeni redaksiyada hazırlandığı, sənədə internet üzərindən audiovizual proqramların yayımlanması ilə bağlı məsələlərin əks olunduğu 30.8-ci maddənin əlavə olunduğu, 39-cu maddədə tütün məmulatlarının açıq nümayişi ilə bağlı tənzimləmə aparıldığı vurğulanır.
Novator.az yenilənəcəyi deyilən maddələrin ilkin (köhnə) variantını diqqətə çatdırır.
Maddə 13. İnformasiyadan istifadə edilməsi
13.1. Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.
13.2. Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.
13.3. Bu Qanunun 13.1-ci və 13.2-ci maddələri dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmir.
13.4. Bu Qanunun 77.2-ci maddəsində nəzərdə tutulmuş hallarda media subyektləri məlumat və informasiyaların həqiqətə uyğun olub-olmamasına görə məsuliyyət daşımır.
13.5. Audiovizual proqramlardan istifadə bu Qanunun 38-ci maddəsində nəzərdə tutulmuş qaydada tənzimlənir.
13.6. Bu Qanunun 38.2-ci və 38.3-cü maddələrinin tələbləri pozulduqda proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçı Şuraya müraciət edə bilər.
Maddə 26. Media subyektinə dair tələblər
26.1. Media subyektinə dair tələblər aşağıdakılardır:
26.1.1. təsisçi fiziki şəxs olduqda Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
26.1.2. təsisçi hüquqi şəxs olduqda onun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşına (vətəndaşlarına) və (və ya) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır;
26.1.3. media subyekti fiziki şəxs olduqda Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalı, bu Qanunun 26.3.1-26.3.3-cü maddələrinin tələblərinə cavab verməlidır;
26.2. Bu Qanunun 26.1.1-ci və 26.1.2-ci maddələrində nəzərdə tutulmuş tələblər media subyektinin təsisçisi olan hüquqi şəxsin birbaşa və dolayısı ilə iştirakçısı olan şəxslərin iştirakçılarına da şamil edilir.
26.3. Aşağıdakı şəxslər media subyektinin təsisçisi (iştirakçısı) ola bilməzlər:
26.3.1. ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər;
26.3.2. məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
26.3.3. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
26.3.4. siyasi partiyalar (çap mediası istisna olmaqla);
26.3.5. dini qurumlar (çap mediası istisna olmaqla).
26.4. Media subyektinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmir.
26.5. Audiovizual media subyektinin iştirakçılarının tərkibində hər hansı bir dəyişiklik edilməzdən 1 (bir) ay əvvəl Şuraya məlumat verilməlidir. Şura dəyişikliyin bu Qanunun tələblərinə uyğun olması barədə 1 (bir) ay müddətində əsaslandırılmış rəy verir. Verilmiş müsbət rəy əsasında audiovizual media subyektinin iştirakçılarının tərkibində edilmiş dəyişikliyi təsdiq edən sənədlər 1 (bir) ay müddətində Şuraya təqdim olunmalıdır.
26.6. Audiovizual media subyekti Şuraya, digər media subyektləri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təsisçiləri və iştirakçıları, habelə idarəetmə orqanının rəhbəri barədə məlumatı hər il dekabr ayının 30-dək təqdim etməlidir.
26.7. Media subyektinin idarəetmə orqanının rəhbəri ali təhsilli olmalı, habelə bu Qanunun 26.1.1-ci və 26.3.1-26.3.3-cü maddələrinin tələblərinə cavab verməlidir.
Maddə 30. Platforma yayımçısı
30.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi orqanlar (qurumlar) istisna olmaqla, dövlət orqanları (qurumları) və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən maliyyələşən, həmin orqanın (qurumun) fəaliyyət sahəsini əks etdirən, ictimai yayım funksiyası daşıyan audiovizual yayımçı yalnız platforma yayımçısı kimi fəaliyyət göstərə bilər.
30.2. Platforma yayımçısı lisenziya əsasında fəaliyyət göstərir.
30.3. Peyk yayımı həyata keçirən platforma yayımçısı üçün lisenziya müsabiqə əsasında yalnız hüquqi şəxslərə verilir.
30.4. Platforma yayımçısı praym-taymda yayımlanan proqramlarında dövlət dilindən istifadəni tam təmin etdikdə reklam fəaliyyəti həyata keçirə bilər.
30.5. Platforma yayımçısı proqramlarını onların məzmununa dəyişiklik etmədən öz veb-saytında və digər video paylaşım platformalarında yayımlaya bilər.
30.6. Platforma yayımçısının redaksiyası Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərməlidir və gündə minimum 6 saat yayım həyata keçirməlidir.
30.7. Birbaşa internet üzərindən yayımlanan platforma yayımçısı bu Qanunun 30.6-cı maddəsində nəzərdə tutulmuş tələblərlə yanaşı, veb-sayta və müəyyən proqram cədvəlinə malik olmalı, habelə yayımı özünün veb-saytından həyata keçirməlidir.
Maddə 39. Audiovizual yayımçının vəzifələri və audiovizual yayıma dair tələblər
39.1. Audiovizual yayımçının vəzifələri aşağıdakılardır:
39.1.1. sifarişli yayım xidməti istisna olmaqla Azərbaycan Respublikasının Dövlət Himnini hər gün səhər yayımın əvvəlində “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq səsləndirmək;
39.1.2. tütün istifadəsi prosesinin açıq nümayiş etdirildiyi proqramlarda tütündən istifadənin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə xüsusi xəbərdaredici məlumatların verilməsini təmin etmək;
39.1.3. bu Qanunun 14.1-ci və 14.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə riayət etmək;
39.1.4. reklam və sponsorluq fəaliyyətini “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən həyata keçirmək;
39.1.5. Şuranın qərarlarını icra etmək;
39.1.6. bu Qanunla müəyyənləşdirilmiş digər vəzifələri yerinə yetirmək.
39.2. Audiovizual yayımın səs və təsvirinə dair keyfiyyət göstəriciləri ilə bağlı tələblər Şura tərəfindən müəyyən edilir.
39.3. Ümumxalq hüzn, Anım və matəm günlərində audiovizual yayım aşağıdakı qaydada həyata keçirilməlidir:
39.3.1. komediya və erotik filmlər, televiziya və radio viktorinaları, yumoristik, əyləncəli və ümumxalq hüzn, Anım və matəm günlərinin mahiyyətinə uyğun olmayan digər proqramlar, yayımlanmamalıdır;
39.3.2. reklam yayımlanmamalıdır (Anım Günü istisna olmaqla);
39.3.3. azı hər iki saatda bir dəfə ümumxalq hüzn, Anım və matəm günü ilə bağlı məlumat yayımlanmalıdır;
39.3.4. saat 12.00-da bir dəqiqəlik sükut elan edilməlidir.
“Media haqqında” qanunun qeyri-rəsmi layihəsi
Media qanunu ilk oxunuşda (Rəsmi layihə)
Xalq Partiyası media qanunu layihəsinə qarşı çıxdı
Media qanunu: layihəni geri çəkmək təklif olunur
Media qanunu: reaksiyalara reaksiya verildi
Media qanunu: 8 partiyadan çağırış gəldi
Media qanunu: bir razılaşma var