Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il fərmanı ilə hazırlanaraq dekabrın 10-da dərc edilən, Milli Məclisdə iki oxunuşdan keçən “Media haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə hazırlanır. Qəbul edilib imzalanacağı halda qanunun 2022-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
“Turan”ın məlumatına görə, dekabrın 27-də media hüquqçuları Ələsgər Məmmədli və Xalid Ağalıyev Milli Məclisə yazılı təkliflər təqdim ediblər. Jurnalistlər və media ekspertləri Mehman Əliyev, Qulu Məhərrəmli, Elçin Şıxlı, Arif Əliyev, Osman Gündüzlə razılaşdırılan təkliflərdə qanun layihəsinin 40-dək maddəsinə diqqət yetirilir, bəzi maddələrin layihədən çıxarılması, başqalarının yenilənməsi təklif olunur.
Media qanunu layihəsini pisləyən jurnalistlər, media hüquqçuları, siyasətçilər, vətəndaş cəmiyyəti təmsilçiləri bildirir ki, sənəddə internet televiziyalarının nəzarətə götürülməsi, jurnalistlərin fəaliyyətinin reqlamentləşdirilməsi ilə onların hakimiyyətdən asılılığının gücləndirilməsi kimi mürtəce normalar yer alır. Onlar qeyd edir ki, qanun layihəsi jurnalistika ilə kimlərin məşğul ola biləcəyini müəyyənləşdirir, dövlətin jurnalistlərə reyestr yaratmasını, vahid vəsiqə qaydasının tətbiqini nəzərdə tutur, bu da medianın özünütənzimləmək imkanlarının jurnalistlərin əlindən alınmasıdır, jurnalistlərə gizli yolla əldə edilmiş məlumatları yaymamaq kimi tələblərin qoyulması isə ifadə və media azadlığını daraldır.
Tənqidçilər əlavə edir ki, layihə geniş ictimai müzakirədən keçirilmədən, beynəlxalq qurumların rəyləri alınmadan parlament müzakirəsinə çıxarılıb, sənədə konstitusiya və milli qanunvericiliyin, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə zidd olaraq söz, fikir və mətbuat azadlığının məhdudlaşdırılmasına yönələn maddələr daxil edilib.
“Media haqqında” qanunun qeyri-rəsmi layihəsi
Media qanunu ilk oxunuşda (Rəsmi layihə)
Xalq Partiyası media qanunu layihəsinə qarşı çıxdı
Media qanunu: layihəni geri çəkmək təklif olunur
Media qanunu: reaksiyalara reaksiya verildi
Media qanunu: 8 partiyadan çağırış gəldi