London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu əmək pensiyasının minimum məbləğinin 2022-ci ilin yanvarın 1-dən 240 manata qaldırılması üzrə arayış yayıb. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, minimum pensiya məbləğinin 200 manatdan 240 manata yüksəlməsi ilə yalnız 240 manatdan az olan pensiyalar artacaq: “Yəni 200 manat alan şəxsin pensiyası 40 manat, 210 manat alanın pensiyası 30 manat, 225 manat alanın pensiyası 15 manat, 239 manat alanın pensiyası 1 manat artacaq. 240 manat və ondan yuxarı məbləğdə pensiya alanın pensiyası artmayacaq.
Bütün pensiyalar 2022-ci ildən orta aylıq nominal əməkhaqqının 2021-ci ildəki artım tempinə uyğun indeksləşdiriləcək. Rəsmi hesabata görə, 11 ayda orta maaş 2,6 faiz artıb. Nikbin ssenari üzrə hesab edək ki, 2021-ci ildə orta aylıq nominal əməkhaqqının artım tempi 3 faizə çatacaq. Onda pensiyalar 3 faiz səviyyəsində artırılacaq. Yəni 250 manat pensiya alanın pensiyası 7 manat 50 qəpik, 300 manat alanın pensiyası 9 manat, 350 manat alanın pensiyası 10 manat 50 qəpik, 400 manat alanın pensiyası 12 manat artacaq. Rəsmi inflyasiya səviyyəsi orta aylıq nominal əməkhaqqının artım tempindən 2,5 dəfə çox olduğu halda indeksləşdirmənin orta maaşın artım tempi bazasında aparılması sosial ədalətsizlikdir. Sivil ölkələrdə indekslərdirmə rübdə bir dəfə inflyasiya səviyyəsinə görə aparılır.
Minimum pensiyanın 200 manatdan 240 manata qaldırılması o deməkdir ki, minimum məbləğdən çox pensiya hüququ əldə etmək üçün tələb olunan sığorta kapitalı 28800 manatdan 34560 manata qalxır. Bu isə pensiya yaşına çatanları üç qrupa böləcək: pensiya yaşına çatan şəxslərin 2006-cı ildən sonra yığılmış sığorta kapitalı 34560 manat və ondan azdırsa, onlara 240 manat pensiya veriləcək; pensiya yaşına çatan, lakin sığorta kapitalı heç olmayanlara yaşa görə 180 manat müavinət ödənəcək; pensiya yaşına çatıb 34560 manatdan çox sığorta kapitalına malik olanlar 240 manatdan çox pensiya alacaqlar”.