Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il fərmanı ilə “Media haqqında” qanun layihəsi hazırlanıb. Dekabrın 10-da dərc edilən, Milli Məclisdə iki oxunuşdan keçmiş layihənin 2022-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Novator.az-ın məlumatına görə, media hüquqçusu Ələsgər Məmmədli yazır ki, dekabrın 22-si və 23-də bir qrup jurnalist və ekspert Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu; insan hüquqları komitələrinin, Medianın İnkişafı Agentliyinin, Milli Televiziya və Radio Şurasının rəhbərliyi ilə müzakirələr aparıb: “22 dekabr müzakirəsində mən layihənin media azadlığının və jurnalist fəaliyyətinin beynəlxalq hüquqla müəyyən olunan standartlarına, habelə Azərbaycan Konstitusiyasına uyğun olmayan məqamlarına diqqət çəkdim. Jurnalistlər Mehman Əliyev, Arif Əliyev, Elçin Şıxlı və başqaları da ayrı-ayrı məqamlar üzrə narahatlıqları ifadə etdilər.
Dekabrın 23-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovla müzakirə apardım, daha konkret məqamları müzakirə etdik. Ümumi konsensusa gəldiyimiz məsələlərdən biri bütün platforma yayımçılarının lisenziyalı fəaliyyət göstərməsini nəzərdə tutan müddəaya daha aydın qeydin razılaşdırılması oldu. Razılığa görə, sadə internet üzərindən yayımlanan platforma yayımçıları lisenziyasız fəaliyyət göstərəcək”.
“Media haqqında” qanun layihəsi barədə şərh yayan AXCP sədri Əli Kərimli qeyd edir ki, layihə təkcə media və jurnalistlər üçün deyil, bütün cəmiyyət üçün təhlükədir: “Azad medianın qalıqları belə kifayət edir ki, hakimiyyət ictimai rəyi uduzsun. Yeni media qanunu məhz bu vəziyyəti dəyişmək, cəmiyyətin son nəfəsliyini də qapatmaq üçün düşünülüb. Hədəf onlayn media və hələ də qələmə sədaqətini qoruyub saxlamış jurnalistlərdir. Elə bir vəziyyət yaratmaq istəyirlər ki, daha korrupsiya cinayətlərini yüz minlərə, milyonlara çatdırmaq mümkün olmasın. Elə şərait yaratmaq istəyirlər ki, sadə insanlar haradasa toplaşıb hətta əlillik müavinəti, pensiya, uşaq pulu kimi sosial problemindən danışanda da onların səsini cəmiyyətə çatdıracaq cəsur jurnalistlər qalmasın. Yeni qanuna jurnalistlərin vahid reyestri sisteminin salınması da buna xidmət edir. Bununla azsaylı azad jurnalistləri sıradan çıxarmaq istəyirlər”.
“Media haqqında” qanunun qeyri-rəsmi layihəsi
Media qanunu ilk oxunuşda (Rəsmi layihə)
Xalq Partiyası media qanunu layihəsinə qarşı çıxdı
Media qanunu: layihəni geri çəkmək təklif olunur