Mərkəzi Bankın hesabatına görə, 2021-ci il dekabrın 1-nə Azərbaycanda 786,3 milyon manatlıq problemli kredit olub. Bu, ilin əvvəli müqayisədə 106,8 milyon manat azdır. Yanvarın 1-nə qaytarılma vaxtı ötmüş kreditlərin həcmi 893,1 milyon manat idi.
Novator.az bildirir ki, rəsmi statistikaya əsasən, 2015-ci ilin əvvəlinə vaxtında qaytarılmayan kreditin məbləği 976,3 milyon manat olub.
2015-ci ilin devalvasiyaları ilə ABŞ dollarının rəsmi kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib, bu da problemli kreditlərin artımına rəvac verib.
2016-cı ilin əvvəlinə 1 milyard 508,5 milyon manat məbləğində problemli kredit qeydə alınıb.
2017-ci ilin əvvəlinin göstəricisi 1 milyard 472,6 milyon manat olub.
2018-ci ilin əvvəlinə ödəniş vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 626,7 milyon manat, 2019-cu ilin əvvəlinə 1 milyard 585 milyon manat göstərilib.
2019-cu ildə fiziki şəxslər 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə devalvasiya kompensasiyaları alıb.
2020-ci ilin əvvəlində ödəniş vaxtı keçmiş kreditlərin 1 milyard 273,1 milyon manat həddində olduğu açıqlanıb.