“Koronavirusun omikron varinatı yüngül də keçə bilər, ağır da. Amma oturub gözləmək olmaz ki, görək bu nə vaxt bilinəcək”. ABŞ-ın “Vaşinqton Post” qəzetinin radaksiyası bu qənaətdədir.
Novator.az-ın məlumatına görə, qəzetin dərc etdiyi redaksiya məqaləsində deyilir ki, ilk dəfə bu ilin noyabrında Cənubi Afrika Respublikasında aşkar edilən omikron virusun delta variantından daha sürətlə yayılmağa qabildir. Omikron qısa müddət ərzində dünyanın bir çox ölkəsinə ayaq açıb. Lakin alimlər omikronun insanı daha ağır formada xəstələndirməyə qadir olub-olmadığını hələ bilmirlər.
İlkin araşdırmalar göstərir ki, omikrona yoluxan hər yüz adam arasında xəstəxanaya düşənlərin sayı deltaya yoluxan hər yüz adam arasında xəstəxanaya yerləşdirilənlərin sayına çatmır.
Qəzet vurğulayır ki, omikron doğrudan da adamı yüngül formada xəstələndirirsə, onda bu variantın sürətlə yayılmasına hətta müsbət hal kimi baxmaq olar. Çünki bu halda söhbət omikronun deltanı sıxışdırıb sıradan çıxarmasından gedir ki, bu da xeyrədir.
Ancaq hələlik bu barədə danışmaq tezdir. Biz hələ omikronla bağlı proseslərin necə cərəyan edəcəyini bilmirik. Ən pis versiya odur ki, omikron insanları ağır formada xəstələndirməyə başlasın və daha təhlükəli, daha dağıdıcı bir dalğa yaratsın.
Məqalədə xatırladılır ki, koronavirus vaksinləri delta varinatına qarşı güclü təsir göstərir. İlkin nəticələr buster dozanın insanları omikrondan qoruya bildiyini də təsdiqləyir.
ABŞ-ın infeksion xəstəliklər üzrə baş mütəxəssisi Entoni Fauçi bugünlərdə mediaya açıqlamasında deyib ki, gücləndirici dozada vaksinlərin vurulması, yəni təkrar peyvəndləmə sxemləri omikrona qarşı effekt verir və hazırda virusun konkret variantına uyğun xüsusi bir peyvənd hazırlamağa ehtiyac yoxdur.
Bununla belə, omikronun yalnız iki dozada peyvəndlənmiş, buster doza qəbul etməmiş adamları xəstələndirməsi ehtimalı güclüdür. Üstəlik, onların xəstəliyi yüngül, yoxsa ağır keçirəcəyi hələ bəlli deyil. Ona görə də “Vaşinqton Post” qəzetinin redaksiya heyəti hesab edir ki, riskə getməyə dəyməz: buster dozanı vurdurmaq lazımdır.
Qəzet bildirir ki, buster dozanın qəbulu təhlükəsiz, asan və pulsuzdur. Omikronu əhatə edən suallar bu varianta ciddi yanaşmağa əsas verir: “Hökumət rəsmiləri, digər səlahiyyətli şəxslər, müəssisələr arxayınlaşmamalı, vəziyyətin pisləşməsinin qarşısını almağa yönəlmiş səylərini davam etdirməlidir. Ölkələr omikronun dovşan olduğuna ümid bəsləməli, ancaq onunla aslanla savaşırmış kimi savaşmalıdır”.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyası indiyədək 5 milyon 372 mindən çox adamın ölümünə səbəb olub.
Mənbə: Washingtonpost.com