Azərbaycanda 18 yaşa qədər şəxslərə hər ay uşaq pulunun verilməsi 2006-cı ildən dayandırılıb. Hazırda uşağın anadan olmasına 200 manat birdəfəlik müavinət düşür. 2022-ci il yanvarın 1-dən məbləğ 300 manat olacaq.
Dekabrın 18-də yayılan rəsmi məlumata əsasən, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media qurumlarının rəhbərləri ilə görüşündə deyib ki, Azərbaycanda yaşı 18-ə qədər olan 2,7 milyon nəfərdən çox uşaq var: “Ayda 100 manat uşaq pulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlanır, bu müddət ərzində uşaq pulu təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur.
Ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı sabit olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük.
Uşaq pulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi də çətindir. Meyarlar olsa belə, burada manipulyasiya, korrupsiya əməlləri ola bilər. Biz isə bundan qaçırıq.
600 mindən çox uşağa sosial müavinət və əlilliklə bağlı pensiya verilir. Fikirləşirik ki, uşaq pulu təyinatının yerinə əməkhaqqı artımı olsun. Məqsədimiz minimum əməkhaqqının artırılması ilə sosial rifahın yüksəldilməsidir”.
Novator.az-ın məlumatına görə, London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu nazirin açıqlaması ilə bağlı şərh yayıb. O bildirir ki, uşaq pulunun 18 yaşa qədər bütün uşaqlara verilməsi təklif olunmur: “Ehtiyacı olmayanlara niyə pul verilməlidir ki? Hazırda 600 mindən çox uşağa sosial müavinət və əlilliklə bağlı pensiya verilirsə, onda uşaq pulu 2,7 milyon uşağa deyil, yerdə qalan 2,1 milyon uşağa verilməlidir. Belə olanda tələb olunan illik məbləğ 3,3 milyard manat deyil, 2,52 milyard manat olur.
İkincisi, hökumətin 100 manat uşaq puluna gücü çatmırsa, 80 manat versin, ya da ehtiyaclar üzrə fərqli məbləğ ödəsin.
Demoqrafik vəziyyət necə yaxşıdır ki, 2015-2020-ci illərdə ölkədə doğum sayı 2009-2014-cü illərlə müqayisədə 135050 nəfər azalıb, ölüm sayı 32363 nəfər artıb, nikah sayı 136050 nəfər azalıb, boşanma sayı 24528 nəfər çoxalıb?!
Hazırda 700 mindən çox icra sənədinin 100 mindən çoxu aliment tələbi ilə bağlıdır. Ümumilikdə aliment tələbi ilə bağlı xeyrinə qərar verilən uşaqların sayı 160 mini ötür. 2009-cu ildə aliment tələbinə dair 25 mindən çox icra sənədi var idi, 2021-ci ildə bu sənədlərin sayı 99 mindən çox olub.
Dövlət Statistika Komitəsi 2020-ci il yanvarın 1-nə Azərbaycanda 0-17 yaşlı uşaqların sayını 2 milyon 636 min 700 nəfər göstərib. 2001-ci ildə bu yaşda uşaqların sayı 2 milyon 998 min 900 nəfər idi. Bu o deməkdir ki, son 20 ildə Azərbaycanda uşaqların sayı 236 min 200 nəfər azalıb. Demoqrafik problem necə olur ki?!
Uşaq pulunun verilməsi heç də bütün hallarda demoqrafik problemi həll etmək üçün deyil. Uşaq pulu qayğı deyil, uşaqların haqqıdır, həm də ideoloji məsələdir.
Uşaq pulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi çox asandır, dünya təcrübəsində onun çox örnəkləri var. Azərbaycana gəlincə, uşaq pulunun məbləği ailənin gəlirləri ilə ailədə hər bir üzvün yaşayışının gerçək dəyəri arasında fərq qədər müəyyənləşdirilə bilər. Burada manipulyasiya, korrupsiya əməlləri yalnız pis idarəçilikdən qaynaqlanır. Normal və şəffaf idarəçilikdə, açıq hökumətdə nədən korrupsiya yaranmalıdır? Guya digər sosial proqramlarda korrupsiya yoxdur?
Uşaq pulu təyinatının yerinə əməkhaqqı artımı arqumentinə gəlincə, ölkədə işsizlərin sayının kəskin artması və problemin kütləviləşməsinə görə məşğulluq idarələrində qeydiyyata alınmış işsizlərin sayının açıqlanması 2020-ci ilin aprel ayından dayandırılıb. Azərbaycanda işsizlərin sayını ən yaxşı bilən Sahil Babayev, korrupsiyanın miqyasını ən yaxşı bilən İlham Əliyevdir. Nədən adında əmək və sosial müdafiə sözləri olan nazirliyin rəhbəri və dövlət başçısı heç fikirləşmirlər ki, işsizlərin də uşaqları var? Məgər onların uşaqları doyunca yeməli, sağlam və savadlı böyüməli deyil? Rəsmi məlumatlara görə, bu ilin 9 ayında cəmi 3033 nəfərə işsizlik müavinəti verilib, bəs yerdə qalan işsizlər necə dolanmalıdır?
Uşaq pulu verilməsi üçün büdcənin problemi maliyyə təminatında deyil, onun xərclənməsindədir. Büdcə şəffaflığına əməl olunarsa, vəsaitlər səmərəli və hesabatlı xərclənərsə, dövlət sifarişləri açıq tenderlər vasitəsilə rəqabətli icra olunarsa, onda hər fiskal ildə büdcəyə milyardlarla qənaət etmək olar.
Digər tərəfdən uşaq pulunun ödənməsi ailənin xərcləmələrinin çoxalmasına, əhalinin alıcılıq qabiliyyətinin artımına və bununla da dövlət büdcəsinə istehlak vergilərinin daha çox daxil olmasına gətirib çıxaracaq. Bununla da dövlət uşaq pulu adı ilə ödədiyi vəsaitlərin bir hissəsini geriyə qaytaracaq.
Uşaq pulunun maliyyələşdirilməsi və idarə edilməsi üçün uşaq fondu yaradılmalı, onun maliyyə mənbələri şaxələndirilməlidir. Büdcədən, Neft Fondundan və şirkətlərdən ayırmalar hesabın fondun vəsaiti yetərincə təmin oluna bilər”.