Dekabrın 20-də prezident İlham Əliyev sosial müavinət məbləğləri üzrə fərman verib. Novator.az bildirir ki, fərmana görə, 2022-ci il yanvarın 1-dən aylıq sosial müavinətlərin məbləğləri belə müəyyən edilir:
yaşa görə müavinət – 180 manat;
əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət – I dərəcə əlilliyi olan şəxslərə 220 manat, II dərəcə əlilliyi olan şəxslərə 180 manat, III dərəcə əlilliyi olan şəxslərə 120 manat;
əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” səbəbindən baş verdikdə – I dərəcə əlilliyi olan şəxslərə 220 manat, II dərəcə əlilliyi olan şəxslərə 180 manat, III dərəcə əlilliyi olan şəxslərə 120 manat;
əlillik “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə – I dərəcə əlilliyi olan şəxslərə 220 manat, II dərəcə əlilliyi olan şəxslərə 180 manat, III dərəcə əlilliyi olan şəxslərə 120 manat;
sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət – 200 manat;
ailə başçısını itirməyə görə müavinət – 100 manat;
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət – 120 manat;
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət – 120 manat;
bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət – 70 manat;
övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət – övladlığa götürülən uşağa görə 200 manat; övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə 600 manat.
Birdəfəlik müavinətlər belə müəyyən olunur:
uşağın anadan olmasına görə müavinət 300 manat;
dəfn üçün müavinət – 350 manat.
Dövlət başçısının imzaladığı başqa sənədlər I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə prezident təqaüdünün; beşdən çox uşağı olan qadınlara sosial müavinətin; doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin; əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə prezident təqaüdünün artırılmasını nəzərdə tutur.
2022-ci il yanvarın 1-dən “Xalq” fəxri adına görə 180 manat, “Əməkdar” fəxri adına görə 120 manat təqaüd veriləcək.