Dekabrın 18-də Baş Prokurorluq məlumat yayıb. Qeyd olunur ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçular 2017-ci ilin may-iyun ayları ərzində qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyublar: “Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda həmin faktlarla bağlı cinayət işləri başlanaraq 19 təqsirləndirilən şəxs barəsində 5 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb məhkəmələrə göndərilib, onlar müxtəlif cəzalara məhkum ediliblər.
Zərərçəkmiş şəxslərin, onların hüquqi varislərinin və digər şəxslərin ibtidai istintaqın gedişi və nəticələri, eləcə də məhkəmə qərarları ilə bağlı çoxsaylı müraciətləri nəzərə alınaraq baş prokurorun sərəncamı ilə işçi qrup yaradılıb, qeyd olunan cinayət işləri ətraflı öyrənilib, hər bir qanunazidd əməlin baş vermə hallarının tam, hərtərəfli, obyektiv araşdırılması, bütün təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması, cinayətlərdən ziyan çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası və müdafiəsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə 2021-ci il dekabrın 16-da Baş Prokurorluqda göstərilən faktlar üzrə cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib.
Cinayət işləri Baş Prokurorluğun icraatına qəbul edilməklə ibtidai istintaq baş prokurorun xüsusi nəzarətinə götürülüb, prokurorluq, daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının təcrübəli və peşəkar əməkdaşlarından ibarət istintaq qrupları yaradılaraq ibtidai araşdırmaya prosessual rəhbərlik baş prokurorun birinci müavininə tapşırılıb. Hazırda müvafiq istintaq-əməliyyat planları əsasında kompleks tədbirlər həyata keçirilir və istintaqın gedişi barədə ölkə ictimaiyyətinə əlavə məlumat veriləcək”.
2017-ci il mayın 8-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bildirmişdi ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanlarının Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribat fəaliyyəti planlaşdırdığı barədə məlumat əsasında tədbirlər aparılıb: “Müəyyən olunub ki, bir qrup hərbi qulluqçu və mülki şəxs Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmənə ötürüblər.
Toplanmış materiallar əsasında 3 may 2017-ci ildə Hərbi Prokurorluqda dövlətə xəyanət və digər faktlar üzrə Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanıb. Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxs cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib”.
Böyük rezonans doğuran bu iş “Tərtər işi” adı ilə tanınır. Bu iş üzrə yüzlərlə hərbi qulluqçu düşmənlə məxfi əməkdaşlıqda şübhəli bilinməklə fiziki təsirlərə və qanunsuz sorğuya məruz qalıb, bir çox şəxs xəsarətlər nəticəsində həlak olub.