Rusiyanın “Levada” sorğu mərkəzi ölkənin Ukrayna ilə müharibəyə başlayacağı haqda ehtimallara əhalinin münasibətini öyrənib.
Novator.az saytı xəbər verir ki, sorğunun nəticələrinə əsasən, Rusiya əhalisinin 75%-i Ukrayna sərhədindəki hazırkı gərginliyin iki ölkə arasında müharibəyə gətirib çıxaracağını istisna etmir.
Belə bir savaşın baş verəcəyini istisna etməyənlərin 3%-i müharibənin qaçılmaz olduğunu düşünür, 36%-i müharibə ehtimalını kifayət qədər inandırıcı sayır, 38%-i isə buna zəif ehtimal kimi baxır.
Rusiyalıların 15%-i müharibə ehtimalını qəti rədd edir.
Sorğu iştirakçılarının yarısı, xüsusilə də yaşı 55-dən yuxarı olanlar Rusiya ilə Ukraya arasındakı münaqişəni ABŞ-ın və NATO üzvü olan digər ölkələrin qızışdırdığı qənaətindədir.
Respondentlərin 16%-i vəziyyətin kəskinləşməsində Ukraynanı, 4%-i Rusiyanı, 3%-i Ukraynanın Donbas bölgəsindəki separatçı qüvvələri günahkar bilir.
2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyəndən sonra rus ordusu Ukraynanın Krım yarımadasını zəbt edib. Rusiya Krımı ilhaq etməklə bərabər Donbasda iki separatçı rejimin əli ilə Ukraynanın bu bölgəsinin də bir hissəsini işğal altına alıb.
2021-ci ilin yazında Rusiya Ukrayna sərhədinə xeyli qoşun yığıb, yeni müharibə təhlükəsi yaranıb. Az sonra Rusiya qoşunlarının bir hissəsini geri çəkib. Lakin ilin sonlarına yaxın Rusiya yenidən Ukrayna sərhədi boyunca qoşun, hərbi texnika cəmləməyə başlayıb. Bütün bunlar Rusiyanın Ukrayna torpağına növbəti hərbi hücuma hazırlaşdığı istiqamətində ehtimallar doğurub.
ABŞ-ın “Bloomberg” agentliyi Rusiyanın 2022-ci ildə qonşu ölkələrə hərbi hücum planlaşdırdığını yazıb. Agentliyin məlumatına görə, Rusiyanın hazırda Ukrayna ilə sərhədə topladığı yüz mindən çox qoşun üç istiqamətdən – Rusiya ərazisindən, ilhaq edilmiş Krım yarımadasından və Moskvanın yaxın müttəfiqi olan Belarusdan hücuma keçə bilər.
Kreml bu iddiaları təkzib edir.
Mənbə: Themoscowtimes.com