Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il fərmanı əsasında hazırlanan “Media haqqında” qanun layihəsi dekabrın 10-da açıqlanıb, dekabrın 14-də Milli Məclisin ilk oxunuşundan keçib. 2022-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan qanunun bir çox məqamı media ictimaiyyətinin, vətəndaş cəmiyyəti və siyasi partiya təmsilçilərinin narazılığı ilə qarşılanıb. Dekabrın 17-də Medianın İnkişafı Agentliyi ilə Milli Televiziya və Radio Şurası bu narazılıqlara cavab açıqlaması yayıb. Novator.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, “Media haqqında” qanun layihəsi beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla hazırlanıb: “Layihənin ayrı-ayrı normaları işlənərkən müxtəlif dövlətlərin analoji qanunları araşdırılıb, ictimaiyyətin sosial sifarişinə, beynəlxalq hüquqi aktların yanaşmasına, xarici dövlətlərin təcrübəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə uyğun olaraq qabaqcıl standartlara cavab verən normalar formalaşdırılıb. Qanun layihəsi nə Avropa İnsan Hüquqları Konvensiyası, nə də Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil edir”.
Açıqlamaya əsasən, layihədə müzakirələrə səbəb olan məsələlərdən biri jurnalist vəsiqələrinin verilməsidir: “Bu vəsiqələrin əldə edilməsi üçün müraciət tamamilə könüllü xarakter daşıyır, jurnalist bu vəsiqəni almadan da öz fəaliyyətini maneəsiz və qanunla müəyyən edilmiş bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilər. Media Reyestrinə daxil olunmaq üçün müraciət etmiş jurnalist qanunla nəzərdə tutulmuş məlumatları təqdim etdikdən sonra reyestrə daxil olunmaq və bu prosesin hüquqi nəticəsini göstərən vəsiqə almaq imkanı əldə edir. Müvafiq vəsiqənin adı “vahid jurnalist vəsiqəsi” deyil, sadəcə “jurnalist vəsiqəsi”dir, o, jurnalistin həqiqətən jurnalist olduğunu deyil, müraciət etmiş şəxsin həqiqətən Media Reyestrinə daxil edildiyini təsdiq edən müəyyən formalı sənəddir və əldə edilməsi üçün jurnalistdən hər hansı test sınağından keçmək tələb olunmur.
Media subyektlərinin reyestrə daxil edilməsi isə media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsinin müəyyənləşdirilməsi, onların inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılması məqsədi daşıyır.
“Təklif dövlət qurumlarına kimlərin qanuni jurnalistika fəaliyyəti ilə məşğul ola biləcəyini müəyyənləşdirməkdə tam səlahiyyəti verir…” kimi fikirlər qəbul edilən deyil və müzakirə yükü daşımır. Layihə qanunazidd fəaliyyətlə məşğul olan media nümayəndələrinin fəaliyyətini tənzimləmir, çünki həmin fəaliyyət qanun layihəsinin predmeti deyil. Layihə məhz peşəkar jurnalistikanın inkişafını və ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasını hədəfləyir.
Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərin, habelə gizli audio və video yazılardan, foto çəkilişlərindən istifadə etməyə və ya onları yaymağa yol verilən halların dairəsi müəyyənləşdirilərkən Avropa İnsan Hüquqları Konvensiyasının konkret müddəalarına və Azərbaycan Konstitusiyasının 32-ci maddəsinə istinad edilib. Bu norma hər hansı bir şəxsə xəbərdarlıq etmədən onun barəsində audio və ya video yazı, foto çəkilişin aparılmasına deyil, bu fəaliyyətin həyata keçirilmə üsuluna, yəni informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən gizli qaydada istifadə etməyə diqqət çəkir. Hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanunda da bu müddəa təsbit olunub, illərdir tətbiq edilən bu norma praktikada da özünü doğruldub, heç bir zaman müzakirələrin və mübahisələrin predmeti olmayıb.
Qanun layihəsində “Hərbi vəziyyət haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunlara istinad edilib, hərbi və fövqəladə vəziyyət dövründə, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında, həmçinin terror əleyhinə aparılan əməliyyat zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti tənzimlənib. Hərbi və fövqəladə vəziyyət dövründə, dini ekstremizm və terror əleyhinə xüsusi əməliyyatların aparıldığı zonalarda media nümayəndələrinin fəaliyyətinin çərçivəsinin müəyyənləşdirilməsi ictimai asayiş maraqlarının və digər şəxslərin hüquqlarının müdafiəsinə yönəlib, məcburi xarakterə malik ictimai zərurətdən irəli gəlib.
Qanun layihəsinin mətninə və mahiyyətinə tam bələd olmadan onun ətrafında aparılan müzakirələr bir çox hallarda yanlış qənaətlərin meydana çıxmasına səbəb olur ki, bunlardan biri də məhz sosial şəbəkələr və bloqçuların fəaliyyəti ilə bağlıdır. Layihənin heç bir müddəası sosial şəbəkələrin və bloqçuların fəaliyyətinə şamil edilməyib.
“Platforma yayımçısı” anlayışı ilə bağlı irəli sürülən fikirlər yanlış yanaşmanın nəticəsidir. “Platforma yayımçısı” ilə hazırda istifadə olunan “internet televiziyası” anlayışı eyni deyil və birinci daha geniş məfhumdur. “Platforma yayımçısı” dedikdə açıq yerüstü yayım üsulu istisna olmaqla digər platformalardan (ödənişli yerüstü platforma, kabel, İPTV, OTT, birbaşa internet və s.) yayım həyata keçirən yayımçı nəzərdə tutulur. Yalnız platforma yayımçısı olmaq istəyən internet televiziya kanalları müəyyən tələblərə (öz saytından yayım, proqram cədvəlinin olması, minimum 6 saatlıq yayım və s.) cavab verməlidirlər ki, lisenziya üçün müraciət edə bilsinlər. Bu lisenziyanı əldə etməklə onlar operatorlarla müqavilə bağlayaraq multipleks operatorunun istifadə etdiyi ödənişli yerüstü platformalarda və platforma operatorunun istifadə etdiyi ödənişli kabel, İPTV, OTT və digər platformalarda təmsil olunmaq imkanı qazanırlar.
“Peyk yayımı həyata keçirən platforma yayımçısı” lisenziyası isə bunlardan əlavə onlara peyk yayımında təmsil olunmaq imkanı verəcək. Beləliklə, platforma yayımçısı lisenziyası üçün tələblərə cavab verməyən və ya vermək istəməyən, hazırda fəaliyyət göstərən internet televiziyalarının fəaliyyətinə heç bir məhdudiyyət nəzərdə tutulmur”.
Medianın İnkişafı Agentliyi 2021-ci il yanvarın 12-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında publik hüquqi şəxs kimi yaradılıb. Qurumun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti prezidentin vəzifəyə təyin etdiyi sədr və 6 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir. Cari rəhbərlik prezidentin vəzifəyə təyin etdiyi icraçı direktorun səlahiyyətindədir.
Milli Televiziya və Radio Şurası 2002-ci ildə televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə yaradılıb. Dövlət büdcəsindən maliyyələşdirilən 9 nəfərlik şuranın üzvlərini prezident təyin edir.
“Media haqqında” qanunun qeyri-rəsmi layihəsi
Media qanunu ilk oxunuşda (Rəsmi layihə)