Dekabrın 14-də Milli Məclis “Turizm haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib. Novator.az bildirir ki, layihəyə görə, turizmin bu formaları var:
daxili turizm – Azərbaycanda yaşayan fiziki şəxslərin Azərbaycanın sərhədləri daxilində turizm məqsədli səyahəti;
gəlmə turizm – yaşayış yeri Azərbaycandan kənarda olan fiziki şəxslərin Azərbaycanın sərhədləri daxilində turizm məqsədli səyahəti;
getmə turizm – Azərbaycanda yaşayan fiziki şəxslərin Azərbaycanın hüdudlarından kənara turizm məqsədli səyahəti.
Turizmin növləri belə sıralanır:
mədəni turizm – səyahət edilən ölkənin (yerin) maddi və qeyri-maddi mədəni irsi ilə tanışlıq məqsədli turizm;
ekoloji turizm (ekoturizm) – təbiətə minimum təsir, ekoloji sistemin bütövlüyünün qorunması prinsipləri əsasında səyahət edilən ölkənin (yerin) təbiəti, təbii ekoloji sistemi, bioloji və mədəni müxtəlifliyi ilə tanışlığı özündə ehtiva edən turizm;
kənd (icma) turizmi – turistlərin kənd təsərrüfatı obyektlərində (ferma, əkin sahələri, bağ, bostan, üzümlük və s.) təsərrüfat fəaliyyətində iştirakı (aqroturizm), kənd həyat tərzi, yerli ərazinin təbii, tarixi və mədəni dəyərlərinin öyrənilməsi ilə bağlı xidmətlərin göstərilməsi ilə müşayiət olunan turizm;
macəra turizmi – turistlərin xüsusi coğrafi xüsusiyyətlərə malik ərazilərdə fiziki aktivlik, mədəni mübadilə, təbiətlə qarşılıqlı əlaqə ilə müşayiət olunan turizm;
sağlamlıq turizmi – turistlərə səyahət etdikləri ölkədə (yerdə) müalicə, profilaktika, diaqnostika və digər tibbi xidmətlərin (tibbi turizm), təbii müalicə ehtiyatları və müalicə-sağlamlaşdırma yerlərindən istifadə etməklə rekreasiya xidmətlərinin (rifah turizmi) göstərilməsini nəzərdə tutan turizm;
işgüzar turizm – işgüzar tədbirlərdə (görüşlər, seminarlar, konfranslar, konqreslər, sərgilər və s.) iştirak məqsədilə həyata keçirilən turizm;
qastronomiya turizmi – turistlərin səyahət edilən ölkənin (yerin) ənənəvi və (və ya) innovativ kulinariya nümunələri və ərzaq məhsulları, yerli ərzaq istehsalçıları ilə tanışlığı, kulinariya festivallarında və digər oxşar tədbirlərdə iştirakı ilə müşayiət olunan turizm;
sahil və su turizmi – turistlərin su obyektlərinin sahillərində və su nəqliyyat vasitələrində göstərilən xidmətlərdən istifadə və istirahətlərinin təşkili, su idman növləri ilə məşğul olmasını özündə ehtiva edən turizm;
dağ turizmi – özünəməxsus landşaft, topoqrafiya, iqlim, bioloji müxtəliflik (flora və fauna) xüsusiyyətləri olan dağlıq ərazilərdə həyata keçirilən turizm;
idman turizmi – idman yarışlarında iştirak etmək və ya idman yarışlarını izləmək məqsədli turizm.
Layihəyə əsasən, Azərbaycan ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən 6 ay ərzində ulduz kateqoriyası əldə etməlidir.
Başqa bir müddəaya görə, turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.
Qanunun 2022-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.