Rusiya əhalisinin 72%-nin heç bir əmanəti yoxdur. Novator.az saytının məlumatına görə, Rusiya Elmlər Akademiyasının Federal Elmi-Tədqiqat Sosiologiya Mərkəzi nəzdindəki Sosiologiya İnstitutunun aparıcı elmi işçisi Vasili Anikin “Qovorit Moskva” radiosuna açıqlamasında belə deyib.
Vasili Anikinin sözlərinə görə, hesablama 2020-ci ildə aparılıb və heç bir əmanəti olmayan rusiyalıların sayının ölkənin ümumi əhalisinin 72%-ni təşkil etdiyi üzə çıxıb.
Rusiyada əmanəti olan vətəndaşların 7%-nin topladığı əmanət isə bir illik yaşayışa belə yetməyəcək qədərdir.
Vasili Anikin vurğulayıb ki, bütün bunlar çox acınacaqlı göstəricilərdir.
Mütəxəssisin fikrincə, əhalinin böyük əksəriyyətinin əmanəti ona görə yoxdur ki, maaşlar kifayət qədər deyil, adamlar hər ay qazandıqları pulu xərcləməyə məcburdurlar, qazancın hansısa hissəsini yığıb saxlaya bilmirlər.
Vasili Anikin onu da qeyd edib ki, maaşlar yetərincə olmadığı üçün əhalinin 45%-i borc-xərc içində yaşayır.
Əhalinin 14%-nin isə xeyli borcu var.
2018-ci ildə borcu çox olan rusiyalıların sayı 10% civarında olub.
2020-ci il nəticələrinə görə, Rusiyada əhalinin yalnız 56%-nin borcu yoxdur.
Borc dedikdə bütün növ borclar (xırda borclardan tutmuş bank kreditlərinə, icarə borclarınadək) nəzərdə tutulur.
Vasili Anikin hesab edir ki, ölkədə iqtisadi böhran yaransa, vətəndaşların bir qismi çıxılmaz vəziyyətə düşəcək.
Mənbə: Govoritmoskva.ru