İsrailin “Yerusəlim Post” qəzeti İranda bəzi heyvanların evdə saxlanmasını və ölkəyə gətirilməsini yasaqlayan qanun layihəsinə dair məqalə dərc edib. “Kriminal pişiklər? İranda təklif olunan qadağaların ev heyvanlarına da aid edilməsi qəzəb doğurur” başlıqlı məqalənin müəllifi Aaron Rayxdır.
Novator.az saytının məlumatına görə, müəllif yazır ki, İranda “İctimai hüquqların zərərli və təhlükəli heyvanlardan qorunması haqqında” qanun layihəsini parlamentin 75 deputatı hələ noyabr ayında irəli sürüb.
Layihədə evində heyvan saxlayan insanların dağıdıcı sosial problemə çevrildiyi vurğulanır: “Təklif olunan qanun vəhşi, ekzotik, zərərli və təhlükəli heyvanların ölkəyə gətirilməsini, bəslənməsini, onların təbii artımına şərait yaradılmasını, satışa çıxarılmasını və ya satın alınmasını, nəqliyyatda daşınmasını, gəzintiyə aparılmasını, evdə saxlanmasını yasaqlayır”.
Ancaq layihədə “zərərli və təhlükəli heyvanlar” anlayışı heç də həqiqətən təkcə zərərli və təhlükəli heyvanlara aid edilmir. Bu kateqoriyaya, məsələn, tısbağalar, pişiklər, dovşanlar, meymunlar, itlər də daxil edilib: “Qanun qüvvəyə minsə, qadağanı pozan şəxsləri minimum aylıq əməkhaqqının 10-30 misli həcmində cərimələr gözləyir. Üstəlik, nəinki heyvanlar, onların daşındığı nəqliyyat vasitələri də sahiblərinin əlindən alına bilər”.
İran parlamentinin üzvü Məhəmmədtağı Nağdəli mətbuata açıqlamasında deyib ki, bu qanun layihəsi insanlara zərər vuran, onları narahat edən itlərlə bağlı məsələ qaldırılandan sonra hazırlanıb. Deputat bunu deyərkən paytaxt Tehrandakı parkların birində uşaq ölümü ilə nəticələnən hadisəni yada salıb.
Amma “Yerusəlim Post”un məqaləsində iddia olunur ki, dördayaqlı canlılara bu cür münasibətin kökündə həm də dini təsəvvürlər dayanır. Məqalədə iddia edilir ki, müsəlmanlar itə “natəmiz heyvan” kimi baxırlar. Halbuki əvvəllər fermalarda, kənd evlərinin həyətində saxlanan itlər son zamanlar ev heyvanı kimi də qəbul olunur. Hətta indi dünyanın bir çox yerində evdə heyvan saxlamaq var-dövlətli olmağın simvollarından birinə çevrilib.
Ancaq məqalədə bildirilir ki, İran hakimiyyəti məsələyə başqa cür yanaşır. İranın baş prokuroru Məhəmmədcəfər Müntəziri iyul ayında bir açıqlamasında deyib ki, itlərə sevgi Qərbin tənəzzülə uğrayan mədəniyyətinin bir parçasıdır və bu, müsəlman dünyasının bir parçası ola bilməz.
Məqalədə qeyd olunur ki, son illər sosial şəbəkələrdə İranda küçə itlərinin əzab içində öldürüldüyünü və ya döyüldüyünü əks etdirən fotoşəkillər yayılıb. 2019-cü ildə belə görüntülər ictimai etirazlar da doğurub.
Məqalə müəllifi vurğulayır ki, İranda itlərlə bağlı qadağaya haradasa ictimai və dini əsaslar tapıla bilər, ancaq pişiklərin evdə saxlanmasına qadağa qoyulması tam təəccüblüdür, çünki müsəlman dünyası bir qayda olaraq pişiklərə məhəbbətlə yanaşır. Hədislər Məhəmməd peyğəmbərin pişiklərə mərhəmət göstərdiyindən xəbər verir.
Məqalədə deyilir ki, İranda istər kəndlərdə, istərsə də şəhərlərdə pişiklərə tez-tez rast gəlmək olur. Ancaq deputatların təklif etdiyi yeni qanun layihəsi durumu dəyişdirə bilər.
Məqaləyə görə, iranlılar sosial şəbəkələrdə sevimli ev heyvanlarının – pişiklərin təhlükəli hesab olunmasını, onlarla bağlı təklif edilən qadağanı narazılıqla qarşılayıblar. Şəbəkə istifadəçiləri müxtəlif replikalarla qanun layihəsinə etiraz bildiriblər.
“Yerusəlim Post”un əməkdaşı Aaron Rayx yazır ki, dünyanın bir çox ölkəsində pişik saxlayanlar qarşısında tələblər qoyan qanunlar var. Belə qanunlarda, məsələn, onları daima qapalı yerlərdə saxlamaq yasaq edilir: “Ancaq birbaşa pişik saxlanmasını qadağan edən qanuna hələ rast gəlinməyib. Pişiklər vəhşi təbiətdə də yaşayır. Bəzi statistik məlumatlara əsasən, İsraildə vəhşi pişiklərin sayı 2 milyondan çoxdur. İran da bu baxımdan istisna deyil. Xüsusilə Tehranda sahibsiz pişiklərin sayı çoxdur. Təklif olunan qadağanın pişiklərin taleyinə necə təsir göstərəcəyi aydın deyil”.
Mənbə: Jpost.com