Dekabrın 13-də prezident İlham Əliyev “Qarabağ” futbol klubunun üzvləri ilə görüş keçirib.
2021-2022 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən “Qarabağ” komandası üç təsnifat mərhələsində qalib olub, qrup raundunu ikinci pillədə tamamlayaraq ələmə mərhələsinə adlayıb. Ələmə mərhələsi 17-24 fevral 2022-ci ilə təyin olunub.
Dekabrın 9-da – qrup mərhələsinin son turunda “Qarabağ” İsveçrədə “Bazel” klubu ilə görüşüb. Oyunun ikinci dəqiqəsində “Qarabağ”ın təmiz qolu sayılmayıb, matç 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
AZƏRTAC-ın məlumatına görə, 13 dekabr görüşündə İlham Əliyev komandanı Konfrans Liqasındakı uğur münasibətilə təbrik edib: “Bu qələbə bir daha onu göstərir ki, “Qarabağ” futbol klubu Azərbaycan futbolunun flaqman komandasıdır. Birinci dəfə deyil “Qarabağ” beynəlxalq yarışlarda böyük uğurlar qazanır, xalqımızı, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir. Bu uğurlar təsadüfi deyil. Klub rəhbərliyi, məşqçi heyəti, futbolçular həm yüksək məsuliyyət, peşəkarlıq göstərirlər, eyni zamanda müntəzəm olaraq peşəkarlığı artırmaq, daha da yaxşı nailiyyətlər əldə etmək üçün yorulmadan çalışırlar.
Konfrans Liqası turnirinin pley-off mərhələsinə çıxmaq doğrudan da böyük nailiyyətdir. Əlbəttə, biz 1/8 finala birbaşa çıxa bilərdik, ancaq əfsuslar olsun ki, hakim ədalətsizliyi buna imkan vermədi. Mən bu sözü təsadüfən işlətmirəm: hakim səhvi yox, hakim ədalətsizliyi. Çünki bu biabırçı hadisəyə səhv demək düzgün olmaz. Eyni zamanda bu, birinci dəfə deyil ki, “Qarabağ” futbol klubu Avropa yarışlarında belə açıq ədalətsizliklə üzləşir. Əvvəlki illərdə də dəfələrlə buna rast gəlmişik. Qrup mərhələsində dəfələrlə buna rast gəlmişik. 2014-cü ildə həlledici oyunda son dəqiqələrdə vurulmuş təmiz qolu hakim saymadı və beləliklə, sizi növbəti mərhələdən mərhum etdi. O vaxt çexiyalı hakim belə bir biabırçı addım atmışdır. Çox təəssüf edirəm ki, Avropa futbol məkanında bu biabırçı ənənə davam edir. Bu dəfə də xorvatiyalı hakim açıq-aydın bütün tamaşaçıların, televiziya tamaşaçılarının gözü önündə vurulmuş təmiz qolu saymadı. Buna səhv demək mümkün deyil. Çünki bu, Avropa turniridir. Bu, kənd turniri deyil, məhəllə turniri deyil, həyətlərarası turnir deyil. Bu, Avropa turniridir, buraya Avropanın ən peşəkar, ən təcrübəli hakimləri cəlb olunur və bu oyunlarda hakimlik edirlər. Necə ola bilər ki, qapı xəttindən ən azı bir metr keçən topu görməyəsən. Yaxşı, sən görmürsən, korsan, yan hakim də görmür, o da kordur? Bu korları necə yığıb doldurublar buraya?! Nə üçün məhz “Qarabağ”ın oyunlarında biz bu biabırçı mənzərə ilə üzləşirik? Mən bunun cavabını bilirəm, siz də bilirsiniz, Azərbaycan xalqı da bilir: ədalətsizlik, ikili standartlar, bizə, ölkəmizə, – təkcə sizə yox, – ölkəmizə qərəzli münasibət. Bunun cavabı budur. Əgər bir dəfə olsaydı, iki dəfə olsaydı deyərdik ki, ola bilər, səhv olub. Hansısa təsadüfi hadisə nəticəsində baş verib. Yox, bu, sistem xarakterli problemdir.
Mən ümid edirəm ki, UEFA bu problemin aradan qaldırılması üçün əməli addımlar atacaq. Ümid edirəm ki, bu biabırçı hallara yol verən hakimlər cəzalandırılacaq. Əgər onlara qarşı hər hansı bir cəza tədbiri tətbiq olunmasa, deməli, növbəti dəfə də biz bunun şahidi olacağıq. Növbəti dəfə də sizi haqlı qələbədən məhrum edəcəklər. Növbəti dəfə ədalətsizlik, ikili standartlar, ayrı-seçkilik davam edəcək.
Futbol və idman siyasətdən ayrı olmalıdır. Bunu bir çoxları deyir, amma əfsuslar olsun ki, bir çoxları da bu prinsipi pozur. Çünki idmanı siyasiləşdirmək, idmandan siyasi alət kimi istifadə etmək, idman nailiyyətlərini siyasi müstəviyə keçirmək cəhdləri kifayət qədər çox olub.
Mən bilirəm ki, “Qarabağ” klubu, rəhbərlik, məşqçilər, həmişə özlərini çox ləyaqətlə aparırlar, bəzi başqa məşqçilər və klub rəhbərləri kimi hay-haray salmırlar, qalmaqal yaratmırlar, əl-qol açmırlar. Mən bunu təqdir edirəm. Güclü insan həmişə özünü nizamlı aparır, həmişə gücünü lazım olan halda işə salır və bunu mən alqışlayıram. Ancaq o demək deyil ki, hər dəfə bizə qarşı belə biabırçı hadisə baş versin. Avropa futbol ailəsində qəbul edilmiş qaydalar əsasında lazımi hüquqi addımlar atılmalıdır ki, gələcəkdə belə hallar təkrarlanmasın”.
Dekabrın 13-də sərəncam imzalayan İlham Əliyev 2021-ci ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 5 milyon manat ayırıb.
1951-ci ildə Ağdam şəhərində yaradılan “Qarabağ” komandası 1977-ci ilədək “Məhsul”, 1982-ci ilədək “Şəfəq”, 1988-ci ilədək “Kooperator” adı daşıyıb. 1 dəfə Azərbaycan SSR-in, 8 dəfə müstəqil Azərbaycanın çempionu olub. 6 mövsüm Avropa Liqasının qrup mərhələsində, 1 mövsüm Çempionlar Liqasının qrup mərhələsində oynayıb.