Dekabrın 14-də Milli Məclis “Media haqqında” qanun layihəsini ilk oxunuşda müzakirə edəcək. Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il fərmanı əsasında hazırlanan qanun layihəsini Milli Məclis dekabrın 10-da açıqlayıb.
Layihəyə görə, 2022-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin Azərbaycanın hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, Azərbaycanın hüdudlarından kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.
Qanunun müddəaları media subyekti hesab edilməyən şəxslərin (jurnalistlər istisna olmaqla) yaydığı informasiyaya; kütləvi informasiyanın yayılması istisna olmaqla informasiya texnologiyalarından istifadə etməklə istifadəçilərin bir-birinə göndərdiyi yazışmalara (korrespondensiyaya) şamil olunmur.
Media subyektləri layihədə belə sıralanır: audiovizual media subyektləri; çap mediası subyektləri; onlayn media subyektləri; informasiya agentlikləri.