Rusiyalı müxalif lider Aleksey Navalnı həbs cəzası çəkdiyi müəssisənin dərzixanasında işə düzəlib.
Novator.az-ın məlumatına görə, Navalnı bunun necə baş verdiyini öz yazısında təsvir edib.
Yazısında o, dərzi peşəsinin rus dilində yalnız qadın cinsində hallanması (швея) məsələsinə də toxunub və bu peşənin rusca həm də kişi cinsində adlandırılmasına çağırış edib.
Məhbus siyasətçi öz yazısına “Həbsxana mənə feministləri anlamaqda necə kömək edir?” başlığını qoyub.
Onun yazısını tərəfdarları Navalnının “İnstagram” səhifəsində yerləşdiriblər.
Navalnı yazır: “Bizim cəza düşərgəsinin rəhbərliyi məni çağırıb “Məhkum Navalnı, əmək fəaliyyətinə cəlb edilməyən dustaq islah olunmuş sayılmır. Siz 9 aydır burada boş-bekar oturmusunuz. İndi isə işləmək vaxtıdır” dedi.
Vakant yerlər arasında növbətçi, aşpaz, çörəkçi, köməkçi və dərzi işləri vardı.
Nomenklatura işlərindən uzaq durmaq qərarına gəldim və vakansiyalardan dərzixanada işləməyi seçdim. İnsan kütləsinə yaxın olmaq istədim.
Rəhbərliyin “Demək, dərzi” sözünə acığım tutdu. Çünki “dərzi” sözü rus dilində qadın cinsində işlədilmişdi: “швея”.
Öz-özümə fikirləşdim: bunlar necə insandılar? Məni qıcıqlandırmaq üçün qəsdən “швея” deyirlər.
Sonra düşündüm: doğrudanmı bu peşənin adının kişi cinsində bir qarşılığı yoxdur? Məsələ burasındadır ki, dərzi peşəsi rusca kişi cinsində işlədilmir. “Швей” – rus dilində belə söz yoxdur.
Baxıram, ərizədə dərziliklə bağlı qrafada da, divardakı lövhələrdə də, bir sözlə, bütün sənədlərdə “швея” yazılıb.
Bəli, yalnız belə yazılır: “швея”. Başqa variant yoxdur.
Deyəcəksiniz: bəs “швейник” sözü var axı. Amma “швейник” tikiş sənayesi işçisi deməkdir, bu, başqa peşədir.
Öz-özümə dedim: “Sən həmin Aleksey deyilsənmi ki, yalnız kişi cinsində işlənən “блогер” və “автор” sözlərini qəbul etmək istəməyən, bu sözlərin rusca həm də qadın cinsində – “блогерка”, “авторка” kimi işlədilməsini tələb edən feminstləri elə həmin bu “İnstagram”da lağa qoyurdun?”
Bəli, mən vaxtilə bu mövzuda lağlağı eləmişdim. Demişdim ki, bu sözlərin hansı cinsə aid olmasının nə fərqi var? “Авторка – necə də sərsəm səslənir” yazmışdım.
İndi həyat lağ elədiyimi qabağıma çıxardıb. Bax, indi, ay Navalnı, səndən ötrü nə fərqi var “швея” qadın cinsinə aid sözdür, ya kişi cinsinə?”
Məhbus siyasətçi “Həbsxana mənə feministləri anlamaqda necə kömək edir?” başlığını qoyduğu yazısında daha sonra bildirir: “Əslində mən feministlərin yalnız kişi cinsində işlənən sözləri qadın cinsində də hallandırmasına, məsələn, “авторка”, yaxud “редакторка” kimi sözlər işlətməsinə qarşı olmamışam. Ancaq o biri yandan da buna mənasız iş kimi baxmışam və düşünmüşəm ki, belə mövzu uzaqbaşı lağlağıya yarayır.
İndi isə hər kəsin hər şeyi istədiyi kimi adlandırması hüququnu dəstəkləyirəm. Dil elə bundan ötrüdür və cəmiyyətin istəklərinə uyğun inkişaf etməlidir”.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzalarına məhkum edilib.
Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri olan Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub. Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.
“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.
2021-ci il yanvarın 17-də Almaniyadan müalicədən qayıdan Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub. Yanvarın 18-də Ximki Şəhər Məhkəməsi sınaq müddəti qaydalarını pozma ittihamı ilə onun barəsində 30 sutka həbs qətimkan tədbiri seçib. Fevralın 2-də isə Moskvanın Simonov Rayon Məhkəməsi eyni ittihamla Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib. Fevralın 20-də Moskva Şəhər Məhkəməsi həbs müddətini 2 il 6 ay 2 həftəyə endirib. Hazırda Navalnı ona təyin edilmiş cəzanı 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.
Həbsindən sonra Rusiyada Navalnının başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondu ekstremist fəaliyyətlə və ya terrorla məşğul olan təşkilatlar siyahısına daxil edilib, fondun fəaliyyəti rəsmən dayandırılıb.
Sentyabrda Rusiya İstintaq Komitəsi Aleksey Navalnıya ekstremist icmanın yaradılması və ona rəhbərlik ittihamı ilə yeni cinayət işi açıb.
Oktyabrda Aleksey Navalnı Avropa Parlamentinin Andrey Saxarov adına “Azad düşüncə mükafatı”na layiq görülüb.
Mənbə: Instagram.com