Böyük Britaniyanın paytaxtı Londonda elmi-pedaqoji fəaliyyət göstərən tarixçi alim Cəmil Həsənli mərhum həmkarları Aydın Balayev və Fəridə Məmmədovadan yazıb: “Dekabrın 8-də çox acı xəbər aldım. Yaxşı tanıdığım, şəxsiyyətlərinə və elmi yaradıcılıqlarına dərin hörmət bəslədiyim iki görkəmli tarixçimiz vəfat edib – cümhuriyyət tarixçimiz Aydın Balayev və Azərbaycan albanşünaslığının mükəmməl tarixi mənzərəsini yaradan Fəridə Məmmədova.
Heç ağlıma da gətirməzdim məndən 4 yaş kiçik Aydın Balayev haqqında vida sözü yazmalı olacağam. Aydın bəy Azərbaycan cəmiyyətinin doğru-dürüst, təmiz və vicdanlı bir ziyalısı idi. Bu doğru-dürüstlük, təmizlik və vicdan meyarları onun üçün yalnız mənəvi dəyər deyildi, eyni zamanda elmdəki, tarixçilikdəki kriteryaları idi. Aydın bəyin şəxsiyyəti ilə əsərləri arasında mənəvi bir vəhdət vardı və onlar bir-birini tamamlayırdı.
Aydın Balayev postsovet dövrünün ilk cümhuriyyət tarixçilərindən idi və onun hələ 1990-cı ildə nəşr olunmuş “Azərbaycan milli hərəkatı”, “Fevral inqilabı və milli ucqarlar: Azərbaycanda 1918-ci ilin mart hadisələri” əsərləri sözün tam mənasında cümhuriyyət tarixinin oturuşmasında elmi baza rolu oynadı.
Aydın Balayevin 2012-ci ildə Moskvada rus dilində nəşr olunan “Азербайджанская нация: oсновные этапы становления на рубеже XIX-XX вв.” kitabı bizim millət olma tariximizin mükəmməl bir salnaməsi idi.
Nəhayət, onun milli lider Məhəmməd Əmin Rəsulzadə və türkçülüyün patriarxı olan Əhməd bəy Ağaoğlu haqqında monoqrafiyaları ölkənin tarix elmi üçün böyük bir töhfə idi. Bunlar hər iksi bizim milli düşüncəmizdə əsrlərin yaddaşına hopacaq, təkcə bu böyük fikir adamlarını deyil, müəllifini də yaşadacaq tarix kitablarıdır, yaddaş kitablarıdır, milli dirilik salnaməsidir.
Bu itkidən çox üzüldüm. Aydın bəyin xatirəsinə sayğılar. Ailəsinə, yaxınlarına, millətimizə başsağlığı veririk.
Eyni gündə digər bir tanınmış tarixçimizi – Fəridə xanımı itirdik. Bu hüznlü gündə çox az adamın, çox az tarixçinin onun haqqında vida sözü yazmaq haqqı var. Fəridə xanım Qafqaz Albaniyasının eramızdan əvvəl IV əsrindən eramızın VII əsrinə qədər mükəmməl tarixi, siyasi, coğrafi mənzərəsini yaratmışdı. Bir vaxt Qarabağın tarixinə dair əsər üçün Moskva arxivlərindən materiallar toplayarkən maraqlı məsələnin şahidi olduq. Arxivlərdə erməni tarixçilərin, alimlərin, Ermənistan Elmlər Akademiyasının prezidenti də daxil olmaqla, Fəridə Məmmədovanın doktorluq müdafiəsinə mane olmaq, onun eyni adlı monoqrafiyasının nəşrini önləmək üçün sovet rəhbərlərinə yazdığı çoxlu məktub, arayış, müraciət saxlanır. Onların ümumi həcmi az qala Fəridə xanımın dissertasiya işi qədərdir.
Amma məsələnin ən qəribəliyi onda idi ki, yalnız erməni tarixçilər deyil, bir sıra Azərbaycan tarixçiləri də son zamana qədər Fəridə Məmmədovanı hədəfə alır, ona qarşı “elmi ittiham” adı altında siyasi kampaniya aparırdılar. Albanşünaslığın A hərfindən xəbərsiz olan tarix dəllalları, siyasi konyunktura icraçıları, “millət qəhrəmanları” onu ermənilərə işləməkdə ittiham etməkdən belə çəkinmirdilər. Yazıqlar olsun. İndi buna görə bir az utanmaq lazımdır. Həmin rəzil siyasi kampaniya dövründə Azərbaycan albanşünaslığının bu böyük müəllifini yaramaz kampaniyalardan müdafiə etmişəm. Fəridə xanımın vəfatı Azərbaycan tarix elmi üçün ağır itkidir. Xatirəsinə sayğılar”.
1952-ci il təvəllüdlü Cəmil Həsənli tarix elmləri doktorudur. Bakı Dövlət Universitetinin tarix fakültəsində müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb.