CNN kanalı ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putinin dekabrın 7-də keçirdikləri görüş haqqında məlumat yayıb.
Video formatında keçirilən görüş iki saat davam edib. Görüşün yalnız ilk dəqiqələrinin görüntüləri yayılıb, qalan hissəsi qapalı olub.
CNN kanalının məlumatına görə, görüşdə Cozef Bayden Vladimir Putinə Ukrayna ilə bağlı sərt xəbərdarlıq edib.
2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyəndən sonra rus ordusu Ukraynanın Krım yarımadasını zəbt edib. Rusiya Krımı ilhaq etməklə bərabər Donbasda iki separatçı rejimin əli ilə Ukraynanın bu bölgəsinin də bir hissəsini işğal altına alıb.
2021-ci ilin yazında Rusiya Ukrayna sərhədinə xeyli qoşun yığıb, yeni müharibə təhlükəsi yaranıb. Az sonra Rusiya qoşunlarının bir hissəsini geri çəkib.
Lakin ilin sonlarına yaxın Rusiya yenidən Ukrayna sərhədi boyunca qoşun, hərbi texnika cəmləməyə başlayıb. Bütün bunlar Rusiyanın Ukrayna torpağına növbəti hərbi hücuma hazırlaşdığı istiqamətində ehtimallar doğurub.
CNN kanalının məlumatına görə, 7 dekabr görüşündə Cozef Bayden Vladimir Putinə deyib: “Rusiya Ukraynaya hücuma keçsə, biz 2014-cü ildə etmədiyimizi indi edəcəyik”.
Məlumata görə, Bayden bunu dedikdə Rusiyaya qarşı 2014-cü ildəkindən daha sərt iqtisadi sanksiyaları nəzərdə tutub.
2014-cü ildə Krımın ilhaqından sonra ABŞ Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib. Həmin sanksiyalar hazırda qüvvədədir.
Novator.az bildirir ki, “2014-cü ildə etmədiyimizi indi edəcəyik” dedikdə Baydenin Rusiyaya daha ciddi zərər vuracaq sanksiyalardan bəhs etdiyi vurğulanır. Lakin konkret hansı sanksiyalardan söhbət getdiyi açıqlanmır. Məlumata görə, Bayden Putinin diqqətinə çatdırıb ki, ABŞ və avropalı müttəfiqləri həmin sərt sanksiyaları həyata keçirməyə hazırdır.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın sözlərinə görə, Cozef Bayden Vladimir Putinlə çox açıq, birbaşa danışıb.
Sallivanın dediyinə görə, Bayden Putinə iqtisadi sanksiyalarla yanaşı ABŞ-ın regionda müdafiə potensialını möhkəmlətməyə hazır olduğu barədə də xəbərdarlıq edib: “Bayden Putinə söyləyib ki, Rusiya Ukraynaya hücum edərsə, ABŞ Kiyevi əlavə müdafiə texnikası ilə təmin edəcək”.
Kremlin açıqlamasında isə bildirilir ki, Putin Baydenin Ukraynanı Rusiya tərəfdən təhlükə gözlədiyinə dair xəbərdarlıqlarına qarşı çıxıb və NATO-nu gərginliyi artırmaqda ittiham edib. O deyib ki, NATO Rusiya sərhədlərində hərbi potensialını gücləndirməyə çalışır.
Rusiya prezidenti bildirib ki, Moskva ABŞ-ın rəhbərlik etdiyi NATO-nun Avropanın şərqindən yeni üzvlər qəbul etməyəcəyinə və alyansın Rusiya yaxınlğında hərbi texnika yerləşdirməyəcəyinə zəmanət istəyir.
Putin həmçinin son illərdə Rusiyanın ABŞ-da diplomatik mövcudluğunu kəskin şəkildə məhdudlaşdırmasını qınayıb. Rusiya prezidenti qeyd edib ki, Kreml Ağ evin bu inadkar addımlarına cavab olaraq bəzi tədbirlərə əl atmaq məcburiyyətində qalıb.
Kremlin açıqlamasına görə, 7 dekabr görüşündə iki ölkə arasında təhlükəsizlik məsələləri ilə bağlı dialoq aparılmasına dair razılıq əldə olunub.
Ağ evin açıqlamasına görə, Bayden artıq Fransa, İtaliya, Böyük Britaniya və Almaniya liderlərinə zəng edərk onları Putinlə keçirdiyi görüş haqda məlumatlandırıb. ABŞ prezidentinin dekabrın 9-da ukraynalı həmkarı Vladimir Zelenski ilə də danışacağı gözlənir.
7 dekabr görüşündə Ukrayna məsələsindən başqa qlobal kibercinayətkarlıq, İranın nüvə proqramı da müzakirə mövzusu olub.
Görüşə Bayden Ağ evdən, Putin isə Soçidəki iqamətgahından qatılıb. Müzakirə zamanı Putin otaqda tək olub. Baydenin yanında isə dörd nəfər, o cümlədən dövlət katibi Entoni Blinkenlə təhlükəsizlik müşaviri Ceyk Sallivan əyləşib.
Mənbələr: Cnn.com, Kremlin.ru