Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası
Türkiyə səfərində idim. Siyasi partiya rəsmiləri, millət vəkilləri ilə, jurnalistlərlə, həmvətənlərlə görüşlər keçirdim və bir daha əmin oldum ki, siyasi baxımdan Türkiyə Azərbaycanı tanımır, Azərbaycanda isə Türkiyə siyasi səhnəsi haqqında çox bəsit məlumatlandırma var.
Türkiyədə post-Ərdoğan dövrünə ciddi hazırlıqlar gedir, yeni siyasi partiyalar yaranır, hər kəs hakim Ədalət və İnkişaf Partiyası (AKP) seçicisindən pay almağa tələsir. Son 40 ildə Türkiyədə hakimiyyətə olub sonra seçkilərdə uduzan partiyalar həmişə dağılıb, ciddi zəifləyib, çox dar çərçivədə qalıblar. İndi də eyni prosesə start verilib – AKP dönəmi sona çatır, bütün siyasi oyunçular anlayır ki, AKP-nin məğlub olduğu ilk seçkidəcə seçici partiyadan üz döndərib başqa partiyaları axtaracaq. Ona görə də yeni partiyalar qurulur, köklü partiyalar, o cümlədən Cümhuriyyət Xalq Partiyası AKP seçicisindən pay almağa çalışır.
AKP 2023-cü ilin parlament və prezident seçkilərində məğlub olsa, müttəfiqi – Milliyyətçi Hərəkat Partiyası da ziyan görəcək, onun seçicisi də Yaxşı Partiya və digər sağ mühafizəkar partiyalara dağılacaq.
Xülasə, Türkiyədə 2023-cü ilə ciddi hazırlıqlar gedir, başları özlərinə qarışıb, iqtisadi çətinliklər, lirənin ucuzlaşması əsas mövzudur.
Gələk Azərbaycana münasibətə. Azərbaycanın siyasi sistemini tanımırlar, hətta bəzi ciddi siyasətçilər, millət vəkilləri belə bizdə konstitusiyalı monarxiya olduğunu düşünürlər. Müxalifət haqqında bilgiləri yoxdur, yeganə tanınan şəxs rəhmətlik Elçibəydir, onu da prezident olduğu, türkçü-millətçi olduğu üçün yadda saxlayıblar. Elçibəyi yaşlı siyasətçilər tanıyır, gənclərin heç onun haqda da məlumatı yoxdur.
Azərbaycanı körfəz ölkələri kimi qəbul edirlər – pul çoxdur, neft-qaz gəlirləri dəryadır, ölkə ciddi inkişaf edib, xalqın rifahı çox yaxşıdır… Bakıya gələn siyasətçiləri, millət vəkillərini elə qonaq ediblər ki, bu cür fikirlər formalaşıb. Bakının mərkəzi hissəsini, 5-6 kvadrat kilometrlik ərazini gəzdirərək ölkəni bu kiçicik ərazidə tanıdıblar, ona görə də belə təsəvvürlər var.
Seçki, demokratiya, insan haqları məsələsi ilə bağlı maraqları yoxdur, çünki bilgiləri çox azdır.
Demək olar ki, bütün siyasi partiyalar, “Post-AKP dönəmində yenə qardaş olacağıq” deyirlər, amma heç birinin strateji baxışı yoxdur, ancaq şüarlar var.
Görüşdüyüm siyasilər arasında, iki siyasi partiyada bizim partiya və onun sədri İlqar Məmmədov haqqında məlumat var. Məhbus fəal Osman Kavalanın Avropa İnsan Hüquqları Məhkəməsindəki işində İlqar Məmmədov işinə istinad var deyə bir az öyrənib araşdırıblar.
Azərbaycanın da Türkiyə siyasətini tanımaq strategiyası yoxdur: Bütün əlaqələr iqtidar, AKP və Ərdoğan üzərinə inşa edilib. Rəsmi Bakının post-AKP siyasəti görünmür. Hakimiyyət AKP-nin xoşuna gəlməyəcək deyə heç bir müxalif siyasi partiya ilə işləmir, görüşmür, bilmir, öyrənmir (eyni yanaşma Türkiyənin Azərbaycandakı səfirliyinə də aiddir – rəsmi Bakının xoşuna gəlməz deyə onlar da Azərbaycan müxalifəti ilə görüşmürlər, fikir mübadiləsi aparmırlar). Azərbaycanda post-AKP dövrü haqqında təsəvvür belə yoxdur, məncə, düşünürlər ki, qardaşıq, kim olur-olsun iqtisadi maraqlarını təmin edib münasibətləri davam etdirəcəyik. Amma heç də hər şey belə sadə olmayacaq.
Rəsmi Bakı ümumiyyətlə qonşu ölkələrin siyasi spektri ilə çalışmır, nə Gürcüstanda, nə Ukraynada, nə Mərkəzi Asiyada, nə də Türkiyədə çoxşaxəli siyasi iş aparılır. Məncə, bu, səhv yanaşmadır, çünki 2020-ci ildən sonra bizim xarici və daxili siyasətimizdə yeni strategiya ehtiyacı yaranıb ki, hərbi qələbəni diplomatik, iqtisadi, sosial, siyasi zəfərə çevirə bilək. İndi biz böyük ölçüdə Türkiyəyə bağlı hərbi-siyasi addımlara önəm veririk – bu, strateji olaraq doğru olsa da, taktiki baxımdan müəyyən problemlər doğura bilər. Sabah Türkiyədə yeni iqtidar, yeni koalisiyalar qurulsa, rəsmi Bakının həmin şəxs və partiyaları öncədən tanımaq kimi yanaşması mütləq olmalıdır və əgər rəsmi Bakı AKP-də müəyyən qıcıq doğuracaq addımlardan çəkinirsə, bu işdə müxalif partiyalar öndə ola bilərlər – çünki dövlət idarəçiliyi, milli maraqlar partiya mənsubiyyətindən çox öndə olan məsələdir.
Uzun sözün qısası, qardaşıq, amma indi həm də bir-birimizi tanımaq, öyrənmək zamanıdır…
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası
Vüsal Qasımlının müsahibəsinə qeydlər
Qiymət artımının əsas səbəbkarı