Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu mərhum jurnalist, yazıçı Cəmil Əlibəyovu anıb.
Novator.az bildirir ki, 1927-ci il dekabrın 5-də Füzuli rayonunun Dədəli kəndində doğulan Cəmil Əlibəyov indiki Bakı Dövlət Universitetini şərqşünas ixtisası ilə bitirib. “Azərbaycan gəncləri” qəzetinin, “Kommunist” qəzetinin redaktoru, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin müavini, “Azərbaycanfilm” kinostudiyasının direktoru, Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru və direktoru, “Yazıçı” nəşriyyatının baş redaktoru olub, “Novruz”, “Vahid” qəzetlərində baş redaktor postu tutub, “Elm və həyat” nəşriyyatında təsisçi-direktor vəzifəsində çalışıb. Povestlərin, pyeslərin, ssenarilərin, publisistika kitablarının müəllifidir.
Cəmil Əlibəyov 2014-cü il oktyabrın 27-də dünyasını dəyişib.
Qubad İbadoğlu yazır ki, Cəmil Əlibəyov tək böyük bir nəslin deyil, bütövlükdə Azərbaycanın ağsaqqalı gücdə ziyalı idi: “Hər ilin 5 dekabrında Cəmil dayının dostları ilə bərabər Bilgəhdəki bağına yığışar və doğum gününü qeyd edərdik. Cəmil Əlibəyov 50 il bəy balası kimliyini gizlətməyib, qürurunu sındırmayıb, döyülə-döyülə bərkiyən bir polad parçası idi.
Sözün sehrindən bəhrələnib bu zalım dünyanın içində özü və oxucuları üçün pənah yeri – ANALI BİR DÜNYA yaradan söz adamı, Azərbaycan jurnalistikasını peşəkarlıq elementləri ilə zənginləşdirmiş, mətbuatın qapılarını xalqın istəklərinə taybatay açmış qəzetçi idi.
Azərbaycan kinosuna milli kökə dönüş vasitəsi kimi baxan və onu həyata keçirməkdən çəkinməyən incəsənət fədaisi, istedadlı jurnalist və sənət adamlarını bir dam altına toplayıb radionun BULAQ kimi çağlamasına rəvac vermış folklor bilicisi idi.
Mərkəzi Komitənin bir nömrəli qəzetindən TOPXANA HARAYI çəkən azadlıq aşiqi, Azərbaycan vurğunu idi.
Kasıba, kimsəsizə, arxasıza dayaq duran, günümüzdə ən çox ehtiyac duyduğumuz yaxşı adam idi.
Cəmil dayını sayğı və ehtiramla yad edirik. Yeri behişt olsun!”