Rus dili Mərkəzi Afrika Respublikasının universitetlərində tədris proqramına salınır. Yəni Mərkəzi Afrika universitetlərinin tələbələri qarşısında indən belə rus dilini öyrənmək tələbi qoyulur.
Novator.az saytı Rusiyanın ingilis dilində çıxan “The Moscow Times” qəzetinə istinadla xəbər verir ki, bununla bağlı Mərkəzi Afrika Respublikasının prezidenti Fosten-Arkanj Tuadera sərəncam imzalayıb.
Sərəncama əsasən, gələn ildən universitetlərdə rus dili tədris olunmalıdır.
Mərkəzi Afrika Respublikasının ali təhsil naziri rus dili müəllimlərinin və tədris proqramlarının hazırlanması işinin yaxın aylarda bitəcəyinə söz verib.
Nazir Rusiyadan Mərkəzi Afrika Respublikasına rus dili mütəxəssislərinin göndərilməsi məsələsini müzakirə etmək üçün gələn ilin yanvarında Moskvaya səfər edəcək.
Plana əsasən, Mərkəzi Afrika universitetlərində rus dili dərsləri bakalavr pilləsinin ilk ilindən başlayacaq və sonunadək davam edəcək. İki illik aspiranturada təhsil alanlar üçün də rus dili tədrisi məcburi olacaq. Rus dilinin tədrisinə ayrılan müddət ispan və Çin dillərinin tədrisi üçün nəzərdə tutulan müddətdən də uzundur.
Mərkəzi Afrika Respublikasında rus dilinə belə geniş meydan verilməsi Tuadera rejiminin Rusiya prezidenti Vladimir Putinlə sıx əməkdaşlığının nəticəsidir.
Daxildə silahlı müqavimətlə üzləşən Tuadera rejimi xüsusilə 2018-ci ildən Rusiya ilə əlaqələrini gücləndirib. Həmin ildən Rusiya bu ölkəyə silah-sursat və prezident Fosten-Arkanj Tuaderaya tabe olan hərbi qüvvələrə təlim keçmək məqsədilə mütəxəssislər göndərməyə başlayıb.
Daha sonra (Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinin yazdığına görə, 2020-ci ilin dekabr ayında) Rusiya “Vaqner” qrupunun muzdlularını Mərkəzi Afrika Respublikasında yerləşdirib.
“Vaqner” qrupu Rusiyanın qeyri-rəsmi hərbi birləşməsi sayılır. Bu qrupa Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələri olan milyarder Yevgeni Priqojin nəzarət edir.
Rusiya “Vaqner” vasitəsilə Afrikanın bir sıra həssas dövlətlərinə hərbi dəstək verir.
Tuadera rejimi Mərkəzi Afrikada üsyançılarla mübarizədə rusiyalı muzdluların iştirakı olduğunu inkar etmir.
Mərkəzi Afrika Respublikasının 4,7 milyon nəfər əhali var. Ölkə qızıl, almaz yataqları ilə zəngindir. Rusiya və Fransa müstəmləkəçiləri bura yiyələnmək uğrunda uzun müddət mübarizə aparıblar. 2013-cü ildə prezident Fransuaza Bozizenin devrilməsi ölkəni xaosa sürükləyəndən bəri Rusiya bu mübarizədə üstünlük qazanıb.
Fosten-Arkanj Tuadera Mərkəzi Afirka Respublikasına 2016-cı ilin martından başçılıq edir. 2020-ci ilin sonunda keçirilmiş prezident seçkisi zamanı onun yenidən prezident seçildiyi elan olunub. Müxalifət seçkinin rəsmi nəticələrini tanımır. Ölkədə seçki nəticələrinin ləğv olunması tələbi ilə silahlı üsyan başlanıb. Tuadera rejimi “Vaqner” döyüşçülərinin köməyilə üsyançılara, o cümlədən mülki əhaliyə qarşı əməliyyatlara əl atıb. Bu əməliyatlarda “Vaqner” döyüşçülərinin törətdiyi vəhşiliklər nəinki BMT-nin, hətta Mərkəzi Afrika Respublikası hökumətinin də hesabatında əksini tapıb.
Mərkəzi Afrika Respublikası hökumətinin bu ilin oktyabrında açıqladığı hesabatda ümumilikdə 103 insidentdən söz açılıb. Bu insidentlərə görə rusiyalı “təlimatçıların” (onları rəsmən belə adlandırırlar), habelə ölkənin öz qoşunlarının və üsyançıların günahkar olduğu vurğulanıb. İnsidentlər məhkəməsiz edamlardan, özbaşına həbslərdən və işgəncələrdən ibarətdir. Hesabatda konkret detallar açıqlanmadan, dəlillər göstərilmədən bildirilib: “Sübuta yetirilmiş insidentlərin bəzisini rusiyalı təlimatçılar törədib”. Hesabatda o da qeyd olunub ki, qəddar rəftarda təqsirli bilinən əcnəbi muzdluların bir qismi öz vətəninə yola salınıb və onlara qarşı məhkəmə iddiaları qaldırılmasını əsaslandıran sübutlar Moskvaya təqdim ediləcək.
Moskva “Vaqner”lə bağlı ittihamları təkzib edir. Rusiya Mərkəzi Afrika Respublikasına muzdlular yox, yalnız bu ölkənin hərbçilərinə təlim keçmək məqsədilə mütəxəssislər göndərdiyini bildirir.
Putin rejiminin Afrikadakı fəallığında məqsəd Kremlin bu qitə üzərində sovet dövründəki nüfuzunu qaytarmaqdır.
Mərkəzi Afrika Respublikasında rus dili Jan-Bedel Bokassanın hakimiyyəti dövründə (1966-1979-cu illər) də tədris olunub.
Ölkənin orta məktəblərində rus dilinin yenidən tədrisinə 2019-cu ildən başlanıb.
Mənbə: Themoscowtimes.com