Nazirlər Kabineti koronavirus xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmasını təsdiq edən sertifikatların tanınması qaydasını təsdiqləyib. Novator.az bildirir ki, ümumi müddəalara görə, sertifikatların tanınmasının məqsədi Azərbaycan vətəndaşlarının, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, ölkədə daimi və müvəqqəti yaşayan, Azərbaycanda qaçqın statusu almış, habelə BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəliyinin himayəyə götürdüyü əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sərbəst şəkildə ölkəyə girişinin, ölkədən çıxışının və tranzit səyahət etmələrinin təmin olunmasıdır.
Azərbaycanda koronavirus sertifikatının verilməsi E-TƏBİB və ya Elektron Hökumət İnformasiya Sisteminin MyGov platforması (Portal) üzərindən həyata keçirilir.
Sertifikat müraciət edən şəxs barəsində Portala daxil edilmiş və ya avtomatik şəkildə generasiya olunan bu məlumatlar əsasında formalaşdırılır: şəxsin koronavirusa qarşı peyvənd olunması, o cümlədən xarici ölkədə birinci doza peyvənd olunması; şəxsin koronavirus xəstəliyi üçün PZR testin neqativ nəticəsi; şəxsin koronavirus xəstəliyindən sağalaraq immunitetə malik olması; şəxsin peyvəndləməyə əks göstərişi.
Sertifikatlarının etibarlılıq müddəti belədir: koronavirus xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə – müddətsiz; koronavirus xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmasını təsdiq edən sertifikat üzrə – 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını 56 gün ərzində aldıqda – müddətsiz; peyvəndləməyə əks göstərişi təsdiqləyən sertifikat üzrə – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ambulator-poliklinik tibb müəssisələrinin peyvəndləmə prosesinə nəzarət komissiyalarından göndərilən tibbi arayışlara baxılaraq Səhiyyə Nazirliyinin əsaslandırılmış rəyinə əsasən müəyyən edilmiş müddətə; neqativ PZR test nəticəsini əks etdirən sertifikat üzrə – 72 saat (nəticənin elan olunduğu saatdan).
Koronavirus xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmasını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 14 gün sonra verilir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
Son rəsmi hesabata görə, ölkədə 586646 nəfər koronavirusa yoluxub, onların 7833-ü vəfat edib.
2021-ci il yanvarın 18-dən ölkədə koronavirus infeksiyasına qarşı peyvəndləmə gedir. İndiyədək 5 milyondan çox adam bir doza, 4,5 milyondan çox adam iki doza, 852 mindən çox adam üç doza peyvənd alıb.