“Əl-Cəzirə” telekanalının internet səhifəsində “Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına qayıtmaq istəyirlər” başlıqlı reportaj dərc olunub.
Novator.az saytının məlumatına görə, reportajın müəllifi Liz Kukman yazır ki, Rəsmiyyə Əhmədova Azərbaycanın Kəlbəcər rayonundakı doğma kəndini sonuncu dəfə 30 il qabaq görüb: “Bakının Binəqədi rayonundakı Gənclər şəhərciyində müvəqqəti məskunlaşmış Əhmədovlar ailəsi bu illər ərzində daima evlərinə qayıdacağı günün xəyalını qurub. Həmin xəyal yaxın vaxtda gerçəkləşəcək”.
Azərbaycanın 30 ilə yaxın işğal altında saxlanmış torpaqları uğrunda 2020-ci ildə apardığı 44 günlük müharibəyə diqqət çəkən müəllif bunları qeyd edir: “Azərbaycan Dağlıq Qarabağın bir hissəsini və ona bitişik yeddi rayonu, o cümlədən Kəlbəcəri işğaldan azad etdi. Bu bölgəni Ermənistan Birinci Qarabağ müharibəsində – 1990-cı illərdə işğal etmişdi. Öz yurd-yuvasından didərgin düşmüş 600 mindən çox azərbaycanlı üçün 2020-ci ilin Zəfəri ədalətli qələbədir.
Rəsmiyyə Əhmədova son 30 ildə müxtəlif hərbi toqquşmalarda ailəsinin 6 üzvünü, o cümlədən böyük oğlu Nicatı itirib”.
Müəllif yazır: “Əhmədovlar ailəsi hazırda yaşadığı mənzilə 2012-ci ildə köçüb. Onlar həmin vaxta qədər uzun illər yataqxanalarda, məktəb binalarında və müvəqqəti qaçqın düşərgələrində yaşayıblar.
BMT-nin hesabatına əsasən, Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ön sıralarda gəlir. Ölkə əhalisinin 7 faizi məcburi köçkündür”.
Reportajda qeyd olunur ki, Azərbaycanda bütöv bir nəsil didərginlik şəraitində böyüyüb: “Azərbaycan hökuməti məcburi köçkünlərin 70 faizinin Qarabağa qayıtmaq istədiyini bəyan edib.
Xarici işlər nazirinin müavini Elnur Məmmədov “Əl-Cəzirə” kanalına deyib ki, azad olunmuş torpaqları mina və partlamamış silah-sursatdan təmizləmək üçün 10 ilə qədər vaxt lazımdır.
Hazırda bərpa olunan ərazilərin elektrik şəbəkəsinə və nəqliyyat-kommunikasiya əlaqələrinə qoşulması üçün nəhəng infrastruktur layihələrin həyata keçirildiyini deyən Elnur Məmmədov bildirib ki, məcburi köçkünlərin bir qisminin gələn ilin əvvəli Zəngilan rayonunda salınan “ağıllı kənd”ə köçürülməsi planlaşdırılır. O, qısa müddətdə daha bir neçə bərpa layihəsinin başa çatdırılmasının nəzərdə tutulduğunu söyləyib”.
Müəllif yazır ki, bəziləri köçürülmə prosesinin çox uzun çəkəcəyini düşünür.
Azərbaycan Minatəmizləmə Agentliyinin məlumatına əsaslanan Liz Kukman vurğulayır ki, azad olunmuş doğma torpaqlarını ziyarət etmək üçün hərbi məhdudiyyətlərə məhəl qoymayan 60-dan çox insan mina partlaması nəticəsində yaralanıb, iki nəfər isə həlak olub.
Reportajda qeyd olunur ki, ağrı-acısı gözlərindən oxunan Rəsmiyyə Əhmədova oğlu Nicatın Qarabağ yolunda şəhid olmasından qürur duyduğunu söyləyir: “Heç nə övladdan dəyərli ola bilməz, ancaq həyatını vətəninə qurban verməkdən də şərəfli heç nə yoxdur. Mənim daha iki oğlum var, vətən çağırsa, onları da qurban verməyə hazıram”.
Rəsmiyyə Əhmədovanın şəhid oğlu Nicat 2020-ci ilin Vətən müharibəsindəki xidmətlərinə görə ölümündən sonra üç medalla təltif olunub.
Müəllif reportajın sonunda bildirir ki, azad olunmuş torpaqların böyük hissəsi işğal dövründə xarabalığa çevrilib, amma uzun illərdir köçkün həyatı yaşayanlar üçün o torpaqlara qayıtmaqdan dəyərli heç nə yoxdur, çünki bu, uşaqlıq xatirələrinə dönmək, bir şəxsiyyət kimi bütövləşmək, dirçəlmək deməkdir: “Bu, məcburi köçkün statusundan qurtulmaq və qarabağlı olmaqdan qürur duymaq deməkdir.
Rəsmiyyə Əhmədova ailəsi ilə birgə neçə illərdir Bakıda yaşasa da, heç vaxt özünü evindəki kimi hiss edə bilməz. Kəlbəcərdə təhlükəsizliyin təmin olunduğu elan edilən günün səhəri o öz doğma torpağına qayıtmağı planlaşdırır: “Mənim oğlum, neçə-neçə oğul bu torpaqlara görə şəhid olub. Biz bu torpaqlar uğrunda saysız-hesabsız qurban vermişik. Ora qayıtmaq borcumuzdur”.
Mənbə: Aljazeera.com