Natiq Cəfərli
ABŞ prezidenti Cozef Baydenin noyabrın 23-də inflyasiya ilə mübarizə mövzusunda çıxış etməsi gözlənir. Bu çıxışda pandemiya fonunda buraxılmış səhvlərin, mənasız iqtisadi addımların etirafı mümkündür. Çox güman, Bayden iri neft ixracatçılarını birləşdirən OPEK-ə yüklənəcək, kartel sövdələşməsindən danışacaq, çünki ABŞ-da benzinin qiyməti son illərin tarixi maksimumundadır, bu isə bütün qiymətlərə təsir edir. Həm də avtomobil ölkəsi olan ABŞ-da vətəndaşların seçkidə ən çox fikir verdiyi benzinin qiymətidir – ona görə də Bayden əsas hədəf kimi qiymətlərin aşağı çəkilməsini götürəcək ki, sürətlə azalan reytinqini düzəltsin, yaxın gələcəyin aralıq seçkilərində Demokratlar Partiyasının uduzma ehtimalının qarşısını alsın.
2019-cu ildə, pandemiyadan öncə ABŞ və Avropa İttifaqında mərkəzi bankların, hökumətlərin əsas hədəfi inflyasiyanı artırmaq idi – bəli, məhz artırmaq, çünki qiymət enməsi gedirdi. Hədəf kimi heç olmasa 2 faiz inflyasiya göstərilirdi. Böyük iqtisadiyyatlarda 2-3 faizlik inflyasiya müsbət sayılır, iqtisadi aktivliyə müsbət təsir göstərən amil hesab edilir.
2020-ci ildə pandemiya gəldi və ABŞ, Çin, Yaponiya, Avropa İttifaqı ölkələri dünya iqtisadiyyatına ümumilikdə 17 trilyon dollar vəsait axıtdılar. Həmin il dünyada ümumi daxili məhsul 84 trilyon dollar olub, amma birdən-birə iqtisadiyyata 17 trilyon dollar səpilir. Təbii ki, bu, inflyasiyaya təsir etməli idi, etdi də. Həm də kriptovalyuta kimi mənasız, spekulyativ aktivlərin qiyməti şişdi, səhm bazarı yüksəldi, neftin, qazın qiyməti artdı, ərzaq bahalaşdı. Bütün bunların səbəbi mənasız, düşüncəsiz, populist iqtisadi-maliyyə siyasəti idi.
İndi dünya çıxılmaz vəziyyətdə qalıb – bazardan likvidliyi yığmağa başlamalı, uçot dərəcələrini artırmalıdır ki, inflyasiya cilovlansın. Amma bunları etsələr, iqtisadi aktivlik daha da zəifləyəcək, iş yerləri azalacaq, nəticədə bir neçə il sonra daha böyük inflyasiya dalğası yaranacaq. Etməsələr, indi böhran dərinləşəcək. Bir sözlə, dünya yeni, daha böyük iqtisadi böhrana hamilədir, təəssüf ki, bu dəfə çıxış yolu kimi lokal müharibələr ola bilər.
Çanaq yenə neft qiymətlərinin başında çatlayacaq, bizim üçün maraqlı olan məsələnin tək bu tərəfidir – çünki Əliyev hökuməti məmləkətdə çox primitiv, bəsit, ancaq bir tək borudan asılıb sallanan iqtisadi model qurub. Nəticədə neft “asqıran” kimi ölkə “qrip” olur.
Baydenin çıxışından sonra neftin qiyməti enməyə başlayacaq, ABŞ OPEK-ə qarşı sanksiyalar tətbiq etsə, bu qurumu kartel sövdələşməsində günahlandırsa, qiymətlərin enməsi daha dərin olacaq.
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası
Vüsal Qasımlının müsahibəsinə qeydlər
Qiymət artımının əsas səbəbkarı