Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası
Azərbaycan sülh sazişi bağlanmasını istəyir və üç məsələnin eyni müqavilədə təsbit edilməsində israrlıdır: kommunikasiyaların açılması; sərhədlərin dəqiqləşdirilməsi; Xankəndidə və ətrafında yaşayan ermənilərin ölkəmizə inteqrasiyası üçün fəaliyyət planının təsdiqi.
Ermənistan istəyir kommunikasiyalar açılsın, amma rəsmi sənədlərdə “Zəngəzur dəhlizi” ifadəsi təsbit edilməsin; sərhədlər dəqiqləşdirilsin, amma işğalın yaratdığı reallıqlar da nəzərə alınsın; Xankəndidə və ətrafında yaşayan ermənilərin statusu ayrıca danışıqlar mövzusu olsun, bu məsələ sülh sazişinə salınmasın.
Rusiya istəyir kommunikasiyalar açılsın, öz hərbi bazalarının təminatını Azərbaycan üzərindən asan, ucuz və sürətli həyata keçirsin. Kreml üçün həmin yolun necə adlandırılmasının elə də böyük əhəmiyyəti yoxdur, əsas odur tez açılsın.
Moskva sərhədlərin dəqiqləşdirilməsində də maraqlıdır, amma sərhədləri çəkəcək qələmin öz əlində olmasını istəyir ki, hər iki ölkə onun bütün tələblərini yerinə yetirmək üçün yarışsın.
Rusiya həmçinin Xankəndidə və ətrafında yaşayan erməni icmasını özünə bağlamaq, status məsələsini diri tutaraq Azərbaycanı nəzarətdən kənar addımlardan çəkindirmək, bunun üçün isə Xankəndi məsələsini sülh müqaviləsinə salmadan ayrıca danışıqlar mövzusuna çevirmək istəyir.
Görünən odur ki, kommunikasiya məsələsinin həlli hər üç tərəfin marağındadır, deməli, ən birinci bu məsələ həll oluna bilər – amma Azərbaycan və Ermənistanın bu məsələdə üstün olmaması üçün yollar Kremlin şərtləri ilə açılacaq.
Sərhədlərin dəqiqləşdirilməsi məsələsi də həll oluna bilər – Rusiya dərhal bütün sərhəd boyu öz qoşunlarını yerləşdirəcək, Ermənistandakı hərbçilərinin sayını artıracaq, bununla da İrəvanın Qərbə doğru istənilən addımları bloklanacaq.
Həm Ermənistan, həm də Rusiya Xankəndidə və ətrafında yaşayan erməni icması ilə bağlı məsələləri uzatmağa, sülh sazişindən kənara çıxartmağa çalışır – bu məsələdə bizim siyasi və diplomatik əlimiz zəif görünür.
Ermənistan və Rusiyanın Xankəndiyə baxışları fərqlidir – rəsmi İrəvan bu problemi siyasi və iqtisadi olaraq tamamən öz üzərindən atmağa, Moskvaya yükləməyə çalışır. 2022-ci ildə Ermənistan büdcəsinin az qala 10 faizi, təqribən 290 milyon dolları Xankəndiyə verilməlidir – İrəvan bunu istəmir, xərci də, məsuliyyəti də Moskvaya yükləyərək bu məsələdən kənara çəkilməyi düşünür.
Rusiya isə Ermənistana və Azərbaycana sona qədər güvənmir, günün birində İrəvanla Bakı anlaşa bilər, buna görə də öz “rusməramlılarının” Xankəndi və ətrafında qalmasını təmin etmək üçün baza yaradır, bölgə ermənilərini iqtisadi və təhlükəsizlik baxımından özündən asılı vəziyyətə salır.
Vəziyyət qəlizdir, təhlükələrlə doludur, Azərbaycan hakimiyyətinin üzərinə böyük məsuliyyət düşür, indi primitiv idarəetmə sistemi ilə bu təhlükələri dəf etmək, basqıları amortizasiya etmək mümkün deyil! Bunu anlamalıdırlar, çünki mövzu gələcəyimizdir, dövlətimizdir.
İqtidar anlamalıdır ki, günün birində Kremlə sözünü demək zamanı yetişəcək – bunun alternativi yoxdur, çünki Xankəndi və ətrafı məsələsində Kremlin istəkləri ilə Bakının mövqeyi heç vaxt üst-üstə düşməyəcək. O zaman yetişəndə dövlətin təməlləri güclü, institutları dayanıqlı, ittifaqlarımız güvənilən olmalıdır – bugünkü primitiv idarəetmə modeli təhlükələri amortizasiya etmək üçün yetərli deyil.
Təəssüf ki, hətta sülh sazişi imzalansa belə, uzun müddət döyüşə tam hazır vəziyyətdə olmalı, itkiləri göz önünə almalıyıq. Coğrafiyamız bizi İsrail kimi bir ölkə qurmağa məcbur edir, bunu bacarmalıyıq, başqa yol yoxdur.
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası
Vüsal Qasımlının müsahibəsinə qeydlər
Qiymət artımının əsas səbəbkarı