Noyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsi AXCP üzvü Aqil Hümmətovun mühakiməsini başa çatdırıb. “Turan”ın məlumatına görə, cəbhəçiyə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.
Zirə qəsəbəsinin sakini olan Aqil Hümmətov bu il avqustun 11-i Bakıda tutulub, Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanır. Rəsmi ittihama görə, Aqil Hümmətov Zirə qəsəbəsində qonşusu Yamən Məmmədovu bıçaqlayıb.
Xəzər Rayon Polis İdarəsi ibtidai istintaqı ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı üzrə aparıb. Bu ittihama 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.
Aqil Hümmətov heç kimə xəsarət yetirmədiyini bildirir.
Üç övlad atası olan Aqil Hümmətov məişət tullantılarını çeşidləyib satmaqla dolanıb, sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb.
Fəal 2020-ci ildə məhkəmə qərarı ilə Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasında üç ay məcburi müalicəyə cəlb olunub. O və partiyadaşları məhkəmənin məcburi müalicə barədə qərarını siyasi sifariş kimi qiymətləndirib.
Novator.az-ın məlumatına görə, 15 noyabr hökmünə münasibət bildirən AXCP sədri Əli Kərimli yazır ki, Aqil Hümmətov cinayətkar olsaydı belə, məhkəmə cəza təyin edən zaman onun himayəsində 3 azyaşlı uşağın olmasını, ilk dəfə məhkum edilməsini və digər yüngülləşdirici cəhətləri nəzərə almalı idi: “Aqil Hümmətov heç bir cinayət törətməyib, onun üçün hətta 6 aylıq cəza da qanunsuzdur. Diqqəti hakimiyyətin nə qədər amansız, insafsız olmasına cəlb edirəm. Əslində heç hökumət özü də bu keyfiyyətini gizlətmir. İstəyir ki, toplum onun qəddar, amansız olduğunu görüb qorxsun. Yəqin ki, belə sərt cəzalarla bu məqsədinə qismən nail olur da. Ancaq belə qəddar hərəkətlər təkcə qorxu yaratmır, həm də nifrət yaradır. Toplum onu da görür ki, ölkədə məhkəmə hakimiyyəti tam olaraq məhv edilib. Cəmiyyət görür ki, bu ölkədə hüquq da, ədalət də ayaqlar altında tapdalanır. Haqqını tələb edənlərə divan tutulur. Toplum gözləri ilə görür ki, hakimiyyət öz hikkəsinə görə 3 günahsız körpəni – 3 gələcək əsgəri gözünü də qırpmadan aclığa, çarəsizliyə təslim edir. Belə hakimiyyət isə acı məğlubiyyətə məhkumdur. Məsələ zaman məsələsidir”.
Cəbhəçinin həbsindən rəsmi bilgi