Bakı Ağır Cinayətlər Məhkəməsi AXCP üzvü Aqil Hümmətovun mühakiməsini başa çatdırmaq üzrədir. “Turan”ın məlumatına görə, noyabrın 11-də keçirilən prosesdə dövlət ittihamçısı cəbhəçiyə 10 il azadlıqdan məhrumetmə cəzası təklif edib.
Növbəti məhkəmə iclası noyabrın 15-nə təyin olunub.
Zirə qəsəbəsinin sakini olan Aqil Hümmətov üç övlad atasıdır, məişət tullantılarını çeşidləyib satmaqla məşğul olub, sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb. O, avqustun 11-i paytaxtda tutulub, Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanır. Rəsmi ittihama görə, Aqil Hümmətov Zirə qəsəbəsində qonşusu Yamən Məmmədovu bıçaqlayıb.
Xəzər Rayon Polis İdarəsi ibtidai istintaqı ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı üzrə aparıb.
Aqil Hümmətov heç kimə xəsarət yetirmədiyini bildirir.
Fəal 2020-ci ildə məhkəmə qərarı ilə Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasında üç ay məcburi müalicəyə cəlb olunub. O və partiyadaşları məhkəmənin məcburi müalicə barədə qərarını siyasi sifariş kimi qiymətləndirib.