Azərbaycanın milli futbol komandası 22-ci dünya çempionatının seçmə mərhələsini bitirib. Avropa zonasının A qrupunda yer alan yığma noyabrın 11-i Bakıda Lüksemburqa 1:3 hesabı ilə uduzub.
Milli qrupu 1 xalla sonuncu – 5-ci pillədə tamamlayıb. Mərhələnin əvvəlki oyunlarında Azərbaycan bu nəticələr qeydə alınıb: Portuqaliya – 0:3 və 0:1, Serbiya – 1:2 və 1:3, İrlandiya – 0:3 və 1:1, Lüksemburq – 1:2.
22-ci dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Final mərhələsində 32 yerin 13-ü Avropaya ayrılıb. Qitədə seçmə mərhələ 10 qrup üzrə aparılır. Dünya çempionatına çıxmaq üçün qrupda birinci yeri tutmaq gərəkdir. İkinci yeri tutan 10 komanda və Millətlər Liqasının 2 ən yaxşı komandası əlavə oyunlar keçirmək hüququ qazanacaq.
J qrupundan Almaniya və F qrupundan Danimarka ötən ay birinciliyi təmin edərək final raunduna bilet alıblar.
Hazırda A qrupunda Portuqaliya və Serbiya (17 xal), B qrupunda İspaniya (16 xal), C qrupunda İtaliya və İsveçrə (14 xal), D qrupunda Fransa (12 xal), E qrupunda Belçika (16 xal), G qrupunda Niderland (19 xal), H qrupunda Rusiya (22 xal), İ qrupunda İngiltərə (20 xal) öndədir.
Noyabrın 11-də Cənubi Amerika zonasından Braziliya final mərhələsinə erkən vəsiqə alıb.
Reqlamentə görə, final mərhələsinə Afrikanın 5, Asiyanın 4, Cənubi Amerikanın 4, Şimali və Mərkəzi Amerikanın 3 vəsiqəsi var. 2 vəsiqə Asiya, Cənubi Amerika, Okeaniya, Şimali və Mərkəzi Amerika təmsilçiləri arasında əlavə oyunlarda müəyyənləşir, 1 vəsiqə meydan sahibinə verilir.
1930-cu ildən keçirilən dünya futbol çempionatlarında Braziliya 5 dəfə, İtaliya və Almaniya 4 dəfə, Uruqvay, Argentina və Fransa 2 dəfə, İngiltərə və İspaniya 1 dəfə qızıl medallara sahib olub.