ADR Partiyasının sədri Qubad İbadoğlu özünün “Facebook” səhifəsində mərhum ictimai-siyasi xadim Hikmət Hacızadə barədə bir il əvvəlki yazısını yayıb. O qeyd edir ki, yaşasa, noyabrın 11-də Hikmət Hacızadənin 67-ci doğum günü qeyd olunacaqdı: “Onu həsrət, heyranlıq və ehtiramla xatırlayırıq”.
Yazıda Qubad İbadoğlu bildirir ki, Hikmət bəylə tanışlığı Müsavat Partiyasından başlayıb: “1996-cı ildən Divanın iclaslarına qatılandan diqqətimi ən çox çəkən Hikmət bəy olmuşdu. Sərbəst davranışı, açıq tənqidi və rasional təklifləri ilə hər kəsdən fərqlənirdi. Sadəliyi, səmimiliyi və dürüstlüyü ilə nümunə idi.
Düşüncə və baxışlarımızda uyğunluq bizi tez bir zamanda yaxınlaşdırdı. Dostlaşmağımızda isə Vurğun Əyyubun böyük rolu oldu.
Sonralar Hikmət bəylə, Vurğun bəylə, digər fədakar dostlarımızla birlikdə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını qurduq. Hikmət bəyin dəyərli məsləhətlərindən bəhrələnmək üçün onu ADR Hərəkatının Məşvərət Məclisinə üzv seçdik.
Yalnız iclaslarda deyil, kənarda da tez-tez görüşüb söhbətləşirdik. Bu münasibətlərimiz ailəvi dostluğa çevrildi.
Mən ildə bir dəfə – yayda ABŞ-dan Azərbaycana qayıdırdım. Artıq ənənə halını almışdı, bağ mövsümünün açılışına Hikmət bəyin bağında tut nübarından başlayırdıq. Sonra gah bizim, gah Hikmət bəyin, gah da digər dostların bağında yığışıb dərdləşirdik.
2019-cu ilin yayında Vurğun bəy amansız xəstəliyə düçar olanda Hikmət bəy yoldaşı Bahar xanımla birgə onu ziyarət eləməyə gəlmişdi. Onları Vurğun bəyin evinin yaxınlığında mən qarşıladım, xahiş etdim ki, Vurğun bəyə siqaret verməsin, çünki həkim siqareti qəti qadağan edib. Bahar xanım gileyləndi ki, həkim Hikmət bəyə də ürəyindəki problemlə bağlı siqaret qadağası qoyub, ancaq nə mənə qulaq asır, nə də həkimə. Hikmət bəy Bahar xanımın sözlərini zarafata saldı: “Qorxma, mənə heç nə olmaz. Ölmək ölməkdir, xırıldamaq nə deməkdir?”
Ağrılar Vurğun bəyi dərindən üzsə də, Hikmət bəyi görəndə kefi çox açıldı. Xeyli danışdıq, zarafatlaşdıq, çalışdıq ki, Vurğun bəy bir müddət də olsa, ağrılarını unutsun. Qəflətən şiddətli ağrılardan Vurğun bəyin çöhrəsini qara buludlar aldı, üzünü Hikmət bəyə tutub, “Hiko, səndə siqaret olar, birini ver çəkim” dedi, tez də məni nişan verdi: “Qoymurlar”.
Hikmət bəy Vurğun bəyin halından mütəəssir olmuşdu, ancaq özünü o yerə qoymadı: “Brat, bir dənə nədir, al, bir qutu çək, kef elə” deyərək siqaret qutusunu stolun üstünə qoydu. Mən narazılıqla başımı buladım. Bunu görən Hikmət bəy “Şef icazə vermir” deyib əlini qutuya uzatdı, ancaq artıq gec idi, Vurğun bəy siqareti götürmüşdü.
Bu hadisədən bir neçə həftə sonra mən işimlə əlaqədar ABŞ-a döndüm. Bu, bizim sonuncu canlı görüşümüz oldu…
Mən Vurğun bəylə Hikmət bəyi həyatlarını Vətənin azadlığı və demokratikləşməsi yolunda qurban verən fədai hesab edirəm. Onların parlaq xatirəsi heç vaxt yaddaşlardan silinməz”.
1954-cü il noyabrın 11-də doğulan Hikmət Hacızadə milli azadlıq hərəkatının (1988-1991) liderlərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) baş nazirin müavini, Azərbaycanın Rusiya paytaxtı Moskvada səlahiyyətli nümayəndəsi postlarını tutub.
1993-2015-ci illərdə Müsavat Partiyasının üzvü olub.
2020-ci il noyabrın 20-də vəfat edib.
Vurğun Əyyub 1957-ci il oktyabrın 25-də doğulub. Azərbaycan Xalq Cəbhəsinin qurucularından və liderlərindən biridir. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993-cü illər) yaradılmış Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edib.
1992-ci ildən Müsavat Partiyasının üzvü olub, baş katib, başqanın birinci müavini postlarını tutub.
2015-ci ildən Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müavini olub.
2019-cu il sentyabrın 24-də vəfat edib.
Qubad İbadoğlunun Vurğun Əyyubdan yazısı: Vurğunla birgə