ADR Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu 2022-ci ilin büdcə zərfinin bəzi göstəricilərinə nəzər salıb. Novator.az-ın məlumatına görə, o yazır: “İşsizlikdən sığorta fondunun büdcə layihəsinə Hesablama Palatasının rəyindən bəlli olur ki, 2022-ci ildə büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin əməkhaqqı fondu bu illə müqayisədə 1 milyard 187,3 milyon manat və 22,5 faiz artırılır. Bu o deməkdir ki, gələn il həmin təşkilatlarda çalışanların maaşları 10-20 faiz intervalında artırılacaq. Bundan daha çox pay götürən icra və qanunvericilik hakimiyyəti, hüquq mühafizə, məhkəmə, prokurorluq, müdafiə və milli təhlükəsizlik orqanları olacaq. Təhsil və səhiyyə işçilərinin də əmək haqlarının artımı gözlənir.
2021-ci ilin sonuna orta aylıq əməkhaqqının 742,8 manata, gələn ilin sonuna isə 807,3 manata çatması mümkündür. Hazırda büdcədən maliyyələşən təhsil, səhiyyə və sosial xidmətlər sahələrində orta aylıq əməkhaqqı ölkə üzrə orta aylıq əməkhaqqından aşağıdır.
Büdcənin əməkhaqqı fondunun artırılması nəticəsində gələn il sığorta gəlirlərinin 1 milyard 677,4 milyon manat (cari ilə nisbətən 331,9 milyon manat və ya 24,7 faiz çox) olması proqnozlaşdırılır. Bunun müqabilində də gələn ilin büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna transfert 2021-ci ilin gözlənən icrası ilə müqayisədə 159,2 milyon manat azaldılır. Nəticədə pensiyaların artırılması imkanları məhdudlaşır. Gələn il pensiyaların 5 faiz ətrafında indeksləşdirilməsi gözlənir.
İşləyənlərin və işəgötürənlərin ödənişləri hesabına formalaşan işsizliyə görə sığorta fondunun 2022-ci il üçün gəlirlərinin 23 milyon manatadək artırılıb 180 milyon manatı ötməsi nəzərdə tutulsa da, ondan işizlərin faydalanması imkanları məhdud olaraq qalır. İşsizliyə görə sığorta ödənişləri 2020-ci ildə 10 milyon manat nəzərdə tutulsa da, onun 1,9 milyon manatı xərclənib, 2021-ci il üçün nəzərdə tutulan 13 milyon manatın 8,5 milyon manatının xərclənməsi gözlənir.
2022-ci ildə işsizliyə görə sığorta ödənişləri üzrə təyinat 8,5 milyon manat proqnozlaşdırılır, bu da fondun xərclərinin 4,7 faizini təşkil edir.
Təqdim edilmiş məlumata əsasən, fonddan 2020-ci ildə 5951 nəfər işsizlə cəmi 1,9 milyon manat ödənib, cari ildə 13509 nəfərə 4,6 milyon manat vəsaitin sərf edilməsi gözlənir. Halbuki rəsmi rəqəmlərdə işizlərin sayının yüz minlərlə, qeyri-rəsmi hesablamalarda isə milyonlarla olduğu açıqlanır.
İşsizliyə görə sığorta ödənişinin adambaşına düşən orta aylıq məbləği 2020-ci ildə 319,2 manat, cari ildə 340,5 manat təşkil edib. Göründüyü kimi, işsizlər yenə də taleyin ümidinə buraxılıb. Onların adı ilə yığılan və formalaşdırılan fondun heç 5 faizi də işsizlərə sığorta üçün xərclənmir”.