Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 7-də Füzuli rayonunda Zəfər yolunun açılışına qatılıblar, oradan Şuşaya gediblər. AZƏRTAC xəbər verir ki, onlar Daşaltı kəndində məscidin, şəhərdə Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməllərini qoyub, Aşağı Gövhər ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.
Qlobal Bakı Forumunun Şuşa səfərində olan iştirakçıları ilə görüşən prezident və birinci vitse-prezident sonra Cıdır düzünə baş çəkiblər.
Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən yol Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir.
Şuşa Radio-Televiziya Yayım Stansiyası 1966-cı ildə inşa edilib. Sovet dönəmində radio-televiziya proqramları bu stansiya vasitəsilə Qarabağa və Naxçıvan Muxtar Respublikasına ötürülüb. Vətən müharibəsində qələbədən sonra Şuşa Radio-Televiziya Yayım Stansiyasında 2020-ci il dekabrın 31-dən radio-televiziya yayımlarının təşkili müvəqqəti bərpa edilib. Stansiyadan yayımlanan 11 televiziya proqramının Şuşa, Xankəndi şəhərlərində və Xocalı, Ağdam, Bərdə rayonlarında, eləcə də ətraf yaşayış məntəqələrində yayımı təmin olunub.
İnşa olunacaq 130 metrlik yeni qüllənin dayanıqlı və keyfiyyətli radio-televiziya yayımının təmin edilməsinə imkan verəcəyi bildirilir.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Əsası 1750-ci ildə qoyulan Şuşa şəhəri 1992-ci il mayın 8-dən 2020-ci il noyabrın 8-dək Ermənistanın işğalı altında olub. 2021-ci il mayın 7-də Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.