Milli Məclisin 5 noyabr iclasında amnistiya qərarı qəbul olunub və dərhal qüvvəyə minib.
8 Noyabr – Zəfər Günü münasibətilə elan edilən amnistiyaya görə, bu məhkumlar müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilir (məhdudiyyətlər nəzərə alınmaqla):
Vətən müharibəsində və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;
Vətən müharibəsində və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycanın orden və medalları ilə təltif olunmuş şəxslər;
amnistiya qərarı qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistanın hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuş şəxslərin yaxın qohumları;
Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;
1948-1953-cü və 1988-1992-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş şəxslər;
1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər;
1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları;
Azərbaycanın, habelə SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və ya sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslər, həmçinin həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;
İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər;
SSRİ dövründə siyasi repressiyaya məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları;
Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər;
qadınlar;
cinayət törədərkən 18 yaşına çatmamış şəxslər;
amnistiya qərarı qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər;
amnistiya qərarı qüvvəyə mindiyi günədək birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər;
öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən amnistiya qərarının qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər.
Bu məhkumlar da cəzalardan azad edilir (məhdudiyyətlər nəzərə alınmaqla):
böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər;
məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının amnistiya qərarı qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər;
ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər;
az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının amnistiya qərarı qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər;
böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasının amnistiya qərarı qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər;
böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzasının amnistiya qərarı qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər;
hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilmiş şəxslər;
islah işləri növündə cəza təyin edilmiş şəxslər;
ictimai işlər növündə cəza təyin edilmiş şəxslər;
əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası təyin edilmiş şəxslər;
böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, habelə əsas və ya əlavə cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya amnistiya qərarının tətbiq edildiyi gün cərimə cəzasının ödənməmiş hissəsi iki min manatdan artıq olmayan şəxslər;
böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər;
azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər.
Bu məhkumlar da məhdudiyyətlər nəzərə alınmaqla cəzalardan azad edilir:
intizam xarakterli hərbi hissədə saxlama cəzasının amnistiya qərarı qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər;
azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər.
3 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının amnistiya qərarı qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda çəkilməmiş cəza 6 ay azaldılır (məhdudiyyətlər nəzərə alınmaqla).
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin cəzasının amnistiya qərarı qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olduqda çəkilməmiş cəza 1 il azaldılır (məhdudiyyətlər nəzərə alınmaqla).
Əsas cəzadan azad edilən şəxslər əlavə cəza kimi təyin edilmiş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzasından azad edilir (məhdudiyyətlər nəzərə alınmaqla).
Əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür.
Təhqiqat və ibtidai istintaq orqanları amnistiya qərarında göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında amnistiya tətbiq edərək cinayət təqibi başlamır, başlanmış cinayət təqibinə xitam verir (məhdudiyyətlər nəzərə alınmaqla).
Məhkəmələr də icraatında olan cinayət işləri üzrə amnistiya tətbiqi tapşırıqları alır.
Qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində icra edilməlidir.