Milli Məclis noyabrın 5-də amnistiya qərarı qəbul etməlidir. Noyabrın 8-də qeyd olunacaq Zəfər Günü münasibətilə verilən amnistiya müəyyən müddətə azadlıqdan məhrum olunmuş, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, islah işləri, ictimai işlər, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, cərimə cəzaları almış, azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş bir çox şəxsin cəzadan azad edilməsini nəzərdə tutur.
Novator.az bildirir ki, iki AXCP üzvünün amnistiyaya düşməsi gözlənir. Onların biri həbsdədir: Zamin Salayev. Cəbhəçi 2020-ci il aprelin 20-də böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Amnistiyanın şamil olunacağı digər cəbhəçinin – jurnalist Təzəxan Mirələmlinin azadlığı məhdudlaşdırılıb. 2020-ci il aprelin 13-də xuliqanlıq ittihamı ilə cinayət məsuliyyətinə alınan Təzəxan Mirələmliyə həmin il iyunun 19-da 1 il azadlığın məhdudlaşdırılması cəzası kəsilib. Cəbhəçinin cəzası 2021-ci il yanvarın 7-dən hesablanır.
Hazırda daha beş cəbhəçi həbsdədir.
2018-ci il mayın 25-də tutulan Aqil Məhərrəmov xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırmasında təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum olunub.
2019-cu il oktyabrın 15-də tutulan Paşa Umudov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəbhəçi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinib.
2020-ci il aprelin 16-sı tutularaq 30 sutka inzibati həbsə məhkum edilən, sonra cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilən Niyaməddin Əhmədov 13 il müddətinə azadlıqdan məhrum edilib. O, terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıqda təqsirli bilinib.
2021-ci il avqustun 11-də tutulan Aqil Hümmətova ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı irəli sürülüb. İttiham 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Mütəllim Orucov 2021-ci il oktyabrın 22-də tutulub. Fəala satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlama ittihamı verilib. Bu ittiham üzrə 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası görünür.
18 AXCP üzvünün üstündə azadlıqdan şərti məhrumetmə cəzası var.
Səid Məmmədzadə 2020-ci il mayın 16-sı Bakıda tutulub, iyulun 20-də ev dustaqlığına buraxılıb. 2021-ci il aprelin 28-də o, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası alıb, yenə həbs edilib. Silahdan istifadə etməklə xuliqanlıqda, bıçaqla xəsarət yetirməkdə təqsirli bilinən Səid Məmmədzadənin cəzası 2021-ci il iyunun 22-də şərti cəza ilə əvəzlənib və o, azadlığa buraxılıb.
17 cəbhəçi bir işə görə məhkum edilib.
2020-ci il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu (o cümlədən general-mayor Polad Həşimov) və 1 mülki şəxs şəhid olub.
İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı xəsarət alıb, xidməti avtomobillərə, ərazinin yol infrastrukturuna, Milli Məclisin birinci mərtəbəsində mülkiyyətə və inventara ziyan dəyib.
Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb, işlərə 2021-ci ilin fevral ayından Səbail Rayon Məhkəməsində baxılıb.
Təqsirləndirilən şəxslərin 36-sı, o cümlədən 15 cəbhəçi bir müddət həbsdə saxlanıb. 2020-ci il noyabrın 16-da 21 nəfər, dekabrın 7-də 15 nəfər ev dustaqlığına buraxılıb.
AXCP üzvlərindən Fuad Qəhrəmanlı və Məmməd İbrahim 4 il 1 ay, Bəxtiyar İmanov və Ayaz Məhərrəmov 3 il 7 ay, Ruslan Əmirov 4 il, Asif Yusifli 3 il 6 ay, Müşviq Quliyev, Elnur Cabbarov, Elvin Məmmədov 3 il, Seymur Əhmədov 2 il 6 ay, Telman Seyfullayev, İsmayıl Həsənov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Ramid Nağıyev, Gündüz Mirzəyev 2 il 9 ay müddətinə azadlıqdan şərti məhrum edilib.
Yerli və beynəlxalq hüquq müdafiəçiləri Azərbaycanda 100-dən çox şəxsi siyasi məhbus sayır. Avropa Şurasının meyarlarına əsasən, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.