Prezident parlamentə amnistiya layihəsi göndərib
Prezident İlham Əliyev Milli Məclisə amnistiya aktı layihəsi göndərib. Parlament qərar layihəsinə noyabrın 5-də baxacaq.
8 Noyabr – Zəfər Günü münasibətilə veriləcək amnistiya müəyyən müddətə azadlıqdan məhrum edilmiş bu şəxslərin cəzanın çəkilməmiş hissəsindən azad olunmasını nəzərdə tutur:
– Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;
– Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüşlərdə iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə orden və medallarla təltif olunmuş şəxslər;
– bu qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan hərbi təxribatları nəticəsində əlil olmuş şəxslərin və ya həlak olmuş şəxslərin yaxın qohumları;
– Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;
– 1948-1953-cü və 1988-1992-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya edilmiş şəxslər;
– 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər;
– 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid şəxslərin yaxın qohumları;
– Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və ya sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslər, həmçinin həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;
– İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də keçmiş SSRİ-nin silahlı qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər;
– SSRİ dövründə siyasi repressiyaya məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları;
– Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa);
– qadınlar;
– cinayət törədərkən yaşı 18-ə çatmamış şəxslər;
– bu qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər;
– bu qərar qüvvəyə mindiyi günədək I və II dərəcə əlilliyi olan şəxslər;
– öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı yaxud I və II dərəcə əlil övladı olan şəxslər, o cümlədən qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər.
Bu məhkumlar da cəzalarının çəkilməmiş hissəsindən azad edilir:
– böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən şəxslər;
– müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər;
– ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunan şəxslər;
– az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər;
– böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər;
– böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər;
– hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilmiş şəxslər;
– islah işləri növündə cəza təyin edilmiş şəxslər;
– ictimai işlər növündə cəza təyin edilmiş şəxslər;
– əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası təyin edilmiş şəxslər;
– böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, habelə əsas və ya əlavə cəza kimi 2000 manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənillməmiş hissəsi 2000 manatdan artıq olmayan şəxslər;
– böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər;
– azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər.
Bu məhkumlar da cəzaların çəkilməmiş hissəsini çəkməkdən azad edilir:
– intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər;
– azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər.
3 ildən artıq müddətdə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxslərin cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda çəkilməmiş cəza 6 ay azaldılır.
Böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olduqda çəkilməmiş cəza 1 il azaldılır.
Bu qərar əsasında əsas cəzasını çəkməkdən azad edilən şəxslər əlavə cəza kimi təyin edilmiş müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzasını çəkməkdən azad edilir. Eyni zamanda əsas və əlavə cəzanı çəkməkdən azad edilən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür.
Böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında cinayət təqibi başlanmır, başlanmış cinayət işlərinə isə xitam verilir.
Amnistiya aktının icrası üçün 4 ay müddət qoyulur.
Xəbəri APA yayıb.