Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu gözlənən qiymət artımlarını şərh edib.
Milli Məclis “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər etməyə hazırlaşır. Layihə bir çox rüsum dərəcəsini yeniləyir.
Novator.az-ın məlumatına görə, Qubad İbadoğlu yazır ki, 226 adda dövlət rüsumunun məbləğində artım gələn il əhaliyə 193,5 milyon manat əlavə xərc yaradacaq: “2021-ci ilin büdcəsində dövlət rüsumlarının məbləği 170 milyon manat proqnozlaşdırılıb. Gələn il bu mənbədən 363 milyon 500 min manat vəsait toplanması planlaşdırılır. Rüsumların artması dolanışıq şərtlərinin ağır olduğu indiki dövrdə əhalinin xərclərini əhəmiyyətli dərəcədə artıracaq. Bu, əmək haqları iki ildir artmayan əhalini daha da pis duruma sürükləyir, çünki rüsumların artımı həmçinin bir sıra ərzaq məhsullarının qiymətini, xidmətlərin tariflərini yüksəldəcək.
Rüsum dəyişikliklərinə hər kəsin etirazı vacibdir. Hökumət isə bu sahədə şəffaflığı təmin etməli, rüsumu qaldırılan xidmətlərin maya dəyərinin tərkibinə daxil edilən xərc elementlərini açıqlamalıdır.
2022-ci ilin büdcə paketində nəzərdə tutulan artımlardan biri də yerli məhsulların aksizləridir. Gələn ildən içməli spirtin, pivənin və spirtli içkilərin bütün növlərinin, tütün məmulatlarının, energetik içkilərin, elektron siqaretlərin qiyməti də kəskin artacaq. Bu mənbədən əlavə istehlak xərci 207 milyon 847 min manat təşkil edəcək. Beləliklə, rüsum və aksizlərdə yeniliklərdən əhalinin əlavə məsrəfləri 400 milyon manatı ötəcək. Bütün bunların müqabilində gələn üçün sosial müdafiə və təminat xərcləri bu ilə nisbətən 127 milyon manat az proqnozlaşdırılır”.