Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası
Azərbaycan-Ermənistan sərhədinin Rusiyanın sərəncamında olan, 1920-ci illərə aid hərbi xəritələr əsasında dəqiqləşdiriləcəyi bildirilir. Bu məsələ Ermənistanda ciddi dartışma mövzusuna çevrilib, Azərbaycanda isə müzakirələr ən uc nöqtələrdə gedir – hakimiyyətə yaxın media və rəsmilər hər şeyi ağ rəngdə, özünə müxalifət deyən qrup hər şeyi qara rəngdə göstərməyə çalışır, amma həqiqət haradasa ortadadır.
Azərbaycan hərbi qələbə qazanmış tərəf kimi sülh sazişində israrlıdır və bir müqavilə ilə bütün məsələləri həll etməyi düşünür – sərhədlər dəqiqləşir, kommunikasiyalar açılır, ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə ölkəmizdəki ermənilərin təhlükəsizliyinə zəmanət verilir.
Ermənistan razılıqların ayrı müqavilələrlə tənzimlənməsinə çalışır: sərhədləri dəqiqləşdirmək istəyir, kommunikasiyaların açılmasında maraqlıdır, amma ərazi bütövlüyü məsələsini sonraya saxlayıb Qarabağ ermənilərinin statusunu ayrıca müzakirə etməyi düşünür.
Rusiya kommunikasiyaların açılmasında maraqlıdır, çünki Ermənistana alternativ və daha təhlükəsiz yol əldə edir, Ermənistanla Rusiyanı bağlayan yeganə quru yolun Gürcüstandan keçdiyini nəzərə alaraq rəsmi Tiflisdən bu məsələdə asılılığı azaltmağı düşünür. Sərhədlərin dəqiqləşdirilməsində də Rusiyanın marağı var, çünki Azərbaycan-Ermənistan sərhədini qoruma altına alacaq, regionda öz hərbi mövcudiyyətini artıracaq. Amma Kreml də Azərbaycanda yaşayan ermənilərlə bağlı məsələni açıq saxlamaqda israrlı və maraqlıdır ki, daim bu kartdan istifadə edə bilsin. Hərtərəfli sülh sazişi olsa, Rusiyanın “sülhməramlı” adlanan qüvvələrinin Qarabağda qalması mənasızlaşar.
Azərbaycana sərhədlərin 1920-ci illərin xəritələri çərçivəsində müəyyənləşdirilməsi sərf edir, kommunikasiyaların açılması da maraqlarımıza uyğundur, amma Qarabağ ermənilərinin gələcəyi ilə bağlı məsələlərin sonraya qalması maraqlarımıza uyğun deyil.
Obrazlı desək, bu raundu 2:1 uda bilərik, amma sonrakı raundlara hazırlaşmaq üçün indiki bəsit, “tək adam” sistemindən imtina etməli, daha mürəkkəb, amma effektiv idarəetmə modeli qurmalı, yeni konstitusiya qəbul etməklə həm hərbi qələbəni möhkəmləndirməli, həm də gələcək təzyiqləri amortizasiya etmək üçün yeni, işlək institutlar yaratmalıyıq: 14 iqtisadi rayon inzibati ərazi vahidinə çevrilir, proporsional seçki ilə formalaşan parlament yaranır, sosial-iqtisadi məsələlərlə məşğul olan hökumət parlamentdən çıxır, prezident isə dövlət başçı kimi xarici siyasət, ordu, təhlükəsizlik sisteminə cavabdeh olur.
Yeni konstitusiya həmçinin yerli özünüidarə institutlarını yaradıb gücləndirməklə xaricdən gündəmə gətirilən “status” söhbətini də bağlayacaq – mer və böyük şəhər bələdiyyəsi də statusdur, seçkili orqandır. Bütün ölkə boyu, o cümlədən Qarabağda vətəndaşlar özlərinə mer, böyük şəhər bələdiyyəsi seçməklə idarəetmədə iştirakçılıq və status qazanacaqlar.
Bir sözlə, zaman azalır, yeni mürəkkəb, effektiv idarəetmə sistemini qurub işə salmaq üçün tələsməli və hamılıqla buna çalışmalıyıq…
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası
Vüsal Qasımlının müsahibəsinə qeydlər
Qiymət artımının əsas səbəbkarı