Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hökm oktyabrın 27-si Bakı Hərbi Məhkəməsində çıxarılıb.
Rövşən Əkbərov 2001-ci ildə Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan vətəndaşı Elçin Fəday oğlu Əliyevi bıçaqla öldürməkdə təqsirli bilinib.
1971-ci il təvəllüdlü Elçin Əliyevin öldürülməsi ilə bağlı Ukraynada başlanan cinayət işi 2003-cü ildə Azərbaycana verilib. Səbəb kimi cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması göstərilib. Lakin Azərbaycanda bir sıra istintaq hərəkətləri həyata keçiriləndən sonra iş üzrə təqsirləndirilən şəxsin müəyyən edilmədiyi əsas gətirilib və cinayət işinin icraatı dayandırılıb.
2020-ci ildə isə Baş Prokurorluq işi təzələyib. 2021-ci il martın 15-də Rövşən Əkbərov Elçin Əliyevi öldürməkdə şübhəli bilinərək həbs olunub.
Baş Prokurorluğun ittihamına görə, Rövşən Əkbərov 1 iyun 2001-ci ilə keçən gecə Kiyev şəhərindəki “Sikora” kafesində yeyib-içdikdən sonra kafenin yaxınlığında Elçin Əliyevi aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək qəsdən öldürüb.
Baş Prokurorluq Rövşən Əkbərovu qəsdən adam öldürməklə yanaşı xuliqanlıqda da ittiham edirdi. Amma Bakı Hərbi Məhkəməsi hökm çıxararkən xuliqanlıq ittihamını işdən xaric edib.
Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. Hökmə əsasən, Rövşən Əkbərov zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə 40 min 10 manat ödəməlidir.
Məhkəmə Rövşən Əkbərovun hərbi rütbədən və fəxri adlardan məhrum edilməsini zəruri saymayıb. Çünki işdə bununla bağlı təqdimat olmayıb.
1965-ci il təvəllüdlü Rövşən Əkbərov Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinin məzunudur. SSRİ Silahlı Qüvvələrində və Azərbaycan Ordusunda xidmət edib. Əfqanıstan və Qarabağ müharibələrinin veteranıdır.
2021-ci il fevralın 8-də Rövşən Əkbərovun ehtiyata buraxıldığı xəbər verilib. Ehtiyata buraxılana qədər o, Azərbaycan Ordusunun birlik komandiri olub.
Novator.az saytı məhbus Rövşən Əkbərovun dövlət təltiflərinin siyahısını da təqdim edir.
14 dekabr 1993-cü ildə polkovnik-leytenant Rövşən Əkbərov prezident Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni alıb. Təltif Beyləqan istiqamətində erməni işğalçılara qarşı döyüşlərdə şəxsi igidlik və şücaətlə əsaslandırılıb.
5 oktyabr 1994-cü ildə polkovnik-leytenant Rövşən Əkbərova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Prezident Heydər Əliyevin fərmanında təltif Azərbaycanın konstitusiya dövlət quruluşunun müdafiəsi zamanı əsgəri və xidməti borcun şərəflə yerinə yetirilməsi ilə əsaslandırılıb.
4 aprel 1995-ci ildə polkovnik-leytenant Rövşən Əkbərov prezident Heydər Əliyevin fərmanı ilə yenidən “Azərbaycan Bayrağı” ordeni alıb. Təltif Azərbaycanın konstitusiya dövlət quruluşunun müdafiəsində, ölkədə əmin-amanlığın təmin edilməsində xüsusi xidmətlər, əsgəri borcun şərəflə yerinə yetirilməsi ilə əsaslandırılıb.
25 may 1998-ci ildə prezident Heydər Əliyevin fərmanı ilə Rövşən Əkbərova general-mayor ali hərbi rütbəsi verilib.
19 yanvar 2002-ci ildə prezident Heydər Əliyevin fərmanı ilə Rövşən Əkbərov general-leytenant ali hərbi rütbəsinə yüksəlib.
24 iyun 2003-cü ildə general-leytenant Rövşən Əkbərov prezident Heydər Əliyevin fərmanı ilə “Vətən uğrunda” medalı alıb. Təltif Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlər, xidməti vəzifələrin və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqlənməklə əsaslandırılıb.
25 iyun 2011-ci ildə general-leytenant Rövşən Əkbərov prezident İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni alıb. Təltif Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlər, xidməti vəzifələrin və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqlənməklə əsaslandırılıb.
25 iyun 2018-ci ildə general-leytenant Rövşən Əkbərova prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı verilib. Təltif Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlər, qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənməklə əsaslandırılıb.